Fransa Zəngəzurda konsulluq açır - Hansı risklər ola bilər? - TƏHLİL

17:24 | 27.09.2023
Fransa Zəngəzurda konsulluq açır - Hansı risklər ola bilər? - TƏHLİL

Fransa Zəngəzurda konsulluq açır - Hansı risklər ola bilər? - TƏHLİL

Fransa Zəngəzur dəhlizində konsulluq açmaq qərarına gəlib. Bunu Fransa xarici işlər naziri Ketrin Kolonna Fransa Parlamentində çıxışı zamanı açıqlayıb.

"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Zəngəzur bölgəsində konsulluq mərkəzi açacağıq”, - o bildirib. 

Deputat Elman Nəsirov deyir ki, Fransa prezidenti Makron ilk olaraq Fransa yoxsa Erməninstan milliyətinə mənsub olduğuna qərar verməlidir.

"Makron o qədər ermənipərəst mövqedən çıxış edir ki, hətta tvitlərini bir çox hallarda erməni dilində yazır. Belə olan halda onun hakimiyyəti Zəngəzurda konsulluq açmaq niyətini ortaya qoyubsa, bu istiqamətdə addımlar atmaq istəyirsə,demək onlar ağıllarını itiriblər”, - deputat söyləyib.

Nəsirov qeyd edir ki, bu gün Əliyev artıq tarixi ədaləti bərpa edib.

"Azərbaycan torpaqları üzərində suveren hüquqlarını tam və qəti şəkildə təmin edir. Belə olan vəziyyətdə Fransanın Zəngəzurda konsulluq açmaq kimi niyyəti bulanıq suda balıq tutmaqdan başqa bir şey deyil. Fransanın bu niyyəti regionda qarşıdurma mühitinin yaranmasına xidmət göstərir və heç bir perspektivi olmayan addımdır”, - o vurğulayıb. 

Deputat hesab edir ki, bu addımı prosesləri real qiymətləndirmək düşüncəsindən və ağlından məhrum olan bir dövlət ata bilər. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Fransanın Zəngəzurda konsulluq açması yalnız Azərbaycan üçün deyil, eyni zamanda müharibənin nəticələrinə görə əldə olunmuş 10 noyabr razılaşması əsasında açılacaq kommunikasiyalara təhlükə yaradacaq addımdır. 

"3 ildir ki, Ermənistanı sülh müqaviləsi imzalamağa qoymayan, kommunikasiyaların yaranmasına imkan verməyən Zəngəzur dəhlizini bloklayan İranla Fransadır. Biz İrana Asiyanın Fransası deyirik. Bunların xarici siyasətləri də uzlaşır. Məlumat üçün deyim ki, 1979-cu ildə İranda hakimiyyətə gələn mollalar da o zaman mövcud olmuş SSRİ və Fransanın layihəsi idi. Bu baxımdan da dərin dövlət münasibətləri var», - ekspert deyib.

Əlibəyli Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi üçün kommunikasiyaların digər ərazilər ilə təşkil olunmasını təmin etməli olduğunu bildirib. 

"Qlobal güclər, başda Fransa olmaqla buna icazə vermək istəmir. Ona görə də Zəngəzurda konsulluq açırlar. Fransa vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı ilə ya Fransanın, ya Avropanın, ya da Qərbin hər hansı ordu birləşmələrini bölgəyə gətirmək niyətindədir. Şübhəsiz ki, burada Azərbaycanın adından istifadə edirlər, lakin əsas hədəf Rusiyadır", - Əlibəyli söyləyib. 

Sentyabrın 25-də Fransa prezidenti Makron ölkə kanallarına müsahibəsində bildirib ki, Qarabağda baş verən hadisələri yaxından izləyir və təhlükə görəcəyi təqdirdə beynəlxalq hüquqa riayət etməklə bağlı addımlar atacaq. 

Bundan başqa Fransa dövlət rəsmilərinin Azərbaycana qarşı sərt və qərəzli mövqeli çıxışları olub. 

Sentyabrın 26-da Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə, respondentlərin 65,4%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağını söyləyib. 

İyulun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla Zəngəzur dəhlizinin açılmasını müzakirə edib.
 
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq. 
 
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
 
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. 
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 
 
Eyni zamanda, 2020-ci il Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandıqdan sonra İrəvan təkid edir ki, 9 noyabr bəyanatı dəhlizin açılmasını nəzərdə tutmur və Ermənistan belə bir məsələni müzakirə etməkdən imtina edir. 


Aygün Mirakif 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti