Gələn ildən əmlakın sığortası məcburi olacaq - RƏSMİ

2023-cu ilin yanvarından Azərbaycanda əmlakın icbari sığortasına başlanacaq, bu barədə anews.az-a İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov deyib.
"Digər sığortalar kimi əmlak sığortası ilə bağlı şəhadətnamələrin verilməsi elektronlaşdırılacaq. Elektron sistemə girməklə hansı əmlakın sığorta olunub olunmadığı bilinəcək. Prosesin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulub", - Rəşad Əhmədov bildirib.
Azərbaycanda İcbari Sığorta Bürosunun nəzarətində 5 sığorta növü var. Bunlardan ikisi tam elektronlaşıb. Digər üçünün elektronlaşması üzərində işlər aparılır. 2023-cü ilin başından isə Əmlakın və əmlak sahiblərinin mülki məsuliyyətinin icbari siğortası elektronlaşdırılacaq.
"Qanunvericiliyə dəyişiliklər olunduqdan sonra sərnişinlərin icbari fərdi qəza sığortası qalır ki, hazırda bu sığortanövü üzrə illik dövriyyə 2 milyon manat civarındadır", - Rəşad Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda əmlak sığortası üzrə dövriyyə 80 milyon manata yaxın təşkil edir. Amma bu rəqəmi 200 milyondan artıq etmək potensialı var və büro bu işi hədəf götürüb.
2020-ci ildən daşınmaz əmlakın icbari sığortası prosesinə başlanılsa da, sonradan bu iş icbari qaydada baş tutmadı. Büro qanunvericiliyə dəyişiliklər etdikdən və elektronlaşmanı bitirdikdən sonra prosesə yenidən start verməyi düşünür.
Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib.
- Bakıda yerləşən mənzilləri 50 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 25.000 manatadək məbləğdə;
- Gəncə, Sumqayıt və Naxçıvanda yerləşən mənzilləri 40 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək məbləğdə;
- digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək məbləğdə təmiant ala bilməsi mümkün idi.
Daşınmaz əmlakı sığorta etdirməyən fiziki şəxslər 30 manat, hüquqi şəxslər 200 manat, vəzifəli şəxslər isə 80 manat məbləğində cərimə ödəməli olacaq.
Hal-hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir ki, bunlardan 1-i dövlət, digərləri isə özəl sığorta şirkətləridir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 