Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə Gəncə terrorunun qurbanlarının xatirəsi yad edilib.
Çıxış edənlər Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi qırğınlardan danışıb, Gəncə terrorunun gəncəliləri qorxutmadığını bildiriblər.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Mərasim zamanı həlak olan dinc sakinlərin ruhlarına dualar oxunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !