Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkəti və DVC-nin ("Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyi) birgə layihəsi olan "Youth İnc." Proqramı və Milli Debat Proqramı çərçivəsində "Bakı Gənclər Debat Forumu: Yaz 2015" davam edir.
Forumun məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı üçün təkliflərin verilməsi, iştirakçıların gənclər siyasəti və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” Konsepsiyasının məqsədləri və vəzifələri haqqında daha geniş məlumat almasıdır.
Qeyd etmək lazımdır ki, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artıma, yüksək sosial rifaha və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmasına xidmət edir. Konsepsiya həmçinin, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Bununla yanaşı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” Konsepsiyasında Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin yaratmaq əsas prioritetlərdən biridir. Bu istiqamətdə, Konsepsiyada İqtisadi sahədə qazanılan uğurların Azərbaycanda insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin etməsi və bu resursların gənclər üçün imkanların artırılmasına, səmərəli idarəçiliyə və institusional inkişafa yönəltməyin zəruriliyi qeyd olunur.
Forum zamanı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan, gənc sahibkarlığa göstərilən xüsusi diqqəti nəzərə alaraq "Gənclərin sahibkarlıq bacarıqlarını formalaşdırmaqda biznes-inkubator modeli özünü doğruldur" mövzusu müzakirə olunacaq. Forumda, həmçinin iştirakçılar "Youth İnc.” Proqramı çərçivəsində yaradılacaq biznes-inkubator haqqında məlumatlandırılacaq.
"Bakı Gənclər Debat Forumu: Yaz 2015”-in yekun mərhələsi 16 ali təhsil müəssisəsinin təmsil edəcəyi 30 komandanın, 120 nəfər gəncin iştirakı ilə baş tutacaq. Foruma Azərbaycan Dillər Universiteti ev sahibliyi edəcək. Qeyd edək ki, Forum ADU-da fəaliyyət göstərən Debat Klubunun yaranmasının 10 İllik Yubileyinə təsadüf edir.
Məlumat üçün qeyd edək ki, DVC-nin aparıcı və ən kütləvi proqramlarından biri olan "Milli Debat Proqramı” gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional nümayəndəlik/mərkəzi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak etmişdir. Bundan əlavə, "Youth İnc.” Proqramı 2011-ci ildən təşkilatın əsas istiqamətlərindən birinə çevrilmişdir. Təşkilatın da iştirak etdiyi, 21 aprel 2011-ci il tarixində baş tutmuş Cənab Prezident İlham Əliyevin fəal gənclərlə görüşündə, tərəfimizdən Azərbaycada gənclər üçün Biznes İnkubatorların yaradılması fikri irəli sürülmüşdür və Cənab Prezident tərəfindən dəstəklənmişdir. Proqram "Gənc Sahibkar”ların təşəbbüslərinin dəstəklənməsi məqsədi daşıyır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !