Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaranan qalmaqalı bir çox müəmmalı hadisələrin gün işığına çıxmasına səbəb oldu. Məlum oldu ki, nazirliyin repressiv maşınını onlarla iş adamının biznesinə, hətta həyatına son qoyub. MTN-ni repressiyasına tuş gəldiyini iddia edən iş adamlarından biri də Moskvada təhsil almış İsmayıl Səlimovdur.
Universiteti bitirəndən sonra elə həmin şəhərdə qalan İsmayıl Səlimov ötən əsrin 80-ci illərində Vətənə xeyir vermək üçün Azərbaycana gəlir. Bir müddət prokurorluq orqanlarında çalışan Səlimov hüquq- mühafizə orqanlarında fəaliyyətini dayandıraraq, bizneslə məşğul olmaga başlayır və küçə reklamı ilə məşğul olmaq üçün "Mediaqraf " şirkətini yaradır.
Özünün dediyinə görə, bir müddət onun biznesi uğurla davam edir və şirkətin dəyərini 700 min dollara qədər artırmağa nail olur. Amma həyatında problemlər, ABŞ-ın "McCann Erickson” şirkətinin Bakı təmsilçisi Gəray Yusifzadənin və onun MTN-də yüksək rütbə tutan havadarı "Akula Akif" ləqəbli Akif Mustafayevin onun biznesinə tamah saldığı zamandan başlayır.
"Bu adam "McCann Erickson” şirkətində kuryer kimi çalışmağa başlamışdı. Amma çox kiçik zaman kəsiyində iyrənc əməlləri ilə özünə yol aça bildi və bu şirkətin Bakı təmsilçiliyinin rəhbəri oldu”, - deyən İsmayıl Səlimovun sözlərinə görə, üçüncü şəxslərin adına Bakının bir neçə yerində reklam lövhəsi (şit) qoymaq üçün yer alan Gəray Yusifov 2010-cu ildə İsmayıl Səlimovu "Naxçıvan” mehmanxanasında görüşə çağıraraq açıq şəkildə şirkətini ona satmağı təklif edir. Şirkətin İsmayıl Səlimov tərəfindən 700 min dollar dəyərində qiymətləndirildiyini eşidəndə isə Yusifov narazılıq edir və şirkəti daha ucuz qiymətə almaq istəyini bildirir:
"Mən ona "yox” cavabı verən andan Bakı şəhər Reklam Departamentinin rəisi Əskərovla ciddi problemlər yaşamağa başladım. Belə ki, cənab Əsgərov şirkətimə məxsus reklam şitləri üçün icarə haqqını qaldırdı, onları prezidentin təhlükəsizliyi üçün təhlükə yaradan yerdə yerləşdirildiyini bildirərək sökməyi təklif etdi, lövhələri torbaya salaraq bağlatdırmağa başladı. Artıq bir neçə mənbədən Əsgərovun bu işləri bilavasitə Gəray Yusifovun istəyi ilə yerinə yetirdiyi mənə bildirilmişdi”.
2012-ci ilin iyununda Reklam Departamentinin rəhbəri "Mediaqraf" şirkəti ilə müqaviləni dayandırdığını bildirir. Üstündən az keçmiş İsmayıl Səlimov məhkəməyə müraciət edir və 1-ci İqtisad Məhkəməsində hakimin otağına daxil olanda Reklam Departamentinin nümayəndəsi kimi özünü təqdim edən "Bakı hüquq mərkəzi”nin vəkili Mehman Sultanovla üzləşir. Hakim tərəfləri sülh yolu ilə problemi həll etməyə çağıranda qəfildən vəkil İsmayıl Səlimova "Bəs siz niyə şirkətinizi satmaq istəmirsiz? Axı sizə təklif edilib" - deyə müraciət edir. Reklam Departamentini təmsil edən vəkilin birdən Səlimovla Gəray Yusifov arasında baş tutmayan sövdələşmə barədə danişması sabiq sovet prokurorunun təəccübünə səbəb olur və biznesmen belə bir sövdələşməyə razı olduğunu bildirir:
"Hakimin yanından çıxar-çıxmaz Gəray Yusifov zəng vuraraq görüşməyi təklif etdi və şirkəti 350 min manata satmaq tələbini qoydu. Daha sonra bizim "Baki hüquq mərkəzində” görüşümüz baş tutdu. Görüşdə mən və Gəraydan başqa onun dayısı Novruz Əliyev, hüquq mərkəzinin rəhbəri Aydın Bağırov və vəkil Mehman Sultanov da iştirak edirdi. Gəray Yusifov "McCann Erickson” şirkətində çalışdığından, "Mediaqrafı” şərti olaraq dayısı Novruz Əliyevin adına sənədləşdirmək məcburiyyətində qaldığını söylədi. Qəfildən Gərayın dayısı Novruz Əliyev məni dostu adlandırıdığı MTN əməkdaşı "Akula Akif”lə qorxutmağa başladı və şirkəti daha ucuz qiymətə satmasam, onu zorla pulsuz alacağını bildirdi. Söhbətə qarışan Aydın Bağırov "sən bilirsən axı onların arxasında kimlər dayanıb, razılaş” - deyə məni dilə tutdu. Sonda əlacsızlıqdan razılaşmağıma baxmayaraq, onlar bir gün sonra şirkətin qiymətini daha da ucuzlaşdırdılar və məndən qəti rədd cavabı aldılar”.
Sabiq sovet prokurorunun dediyinə görə, bundan sonra özünü "prospekt uşağı” adlandıran Novruz Əliyev, "Akula Akif” və Gəray Yusifzadə üçlüyü "Mediaqraf”ı ələ keçirmək əməliyyatına start verib. Reklam Departamentinin rəhbəri Əsgərovun əli ilə işləyən "üçlük” "Mediaqraf”a məxsus bütün küçə reklamlarının demontaj etdirərək, naməlum istiqamətə daşınmasını təşkil edirlər. Onların yerinə isə sənədlərə görə, Əsgərovun xanımı Nazilə Rüstəmovaya məxsus olan "Art media servis” şirkətinin reklam şitləri düzülür. Bakıda biznesini itirən İsmayıl Səlimov Sumqayıtda eyni reklam növü ilə məşğul olmaga cəhd edir. Biznesmen deyir ki, Gəray Yusifov, "Akula Akif” və Novruz Əliyev cütlüyü eyni ssenari ilə onun Sumqayıt şəhərindəki biznesini və Bakıda açdığı dükanını da bağlatdırmaqla ondan iyrənc formada qisas alırlar. İş adamının Bakıda yerleşən 60 "laytboks”u qeyri-qanuni yolla əlindən alınır. O zamandan indiyə kimi dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, MTN-dən uzanan əllər iş adamının bir məktubuna belə cavab verilməsinin qarşısını alır. Nəticədə onlarla cinayət işinin üstünü açan keçmiş hüquqşünas repressiv maşının qurbanına çevrilir.
İsmayıl Səlimov deyir ki, MTN-dən himayə olunan "McCann Erickson” şirkətinin Bakı təmsilçisi təkcə "Mediaqraf”i deyil, təmsil etdiyi ABŞ şirkətini də talan edib: "Tez bir zamanda o , öz şəxsi şirkətini yaradaraq , hətta amerika şirkətinin sifarişlərini oğurlamağa başladı. Bu, əsasən "McCann Erickson” şirkətinin Bakı təmsilçiliyinin həmin şirkətin Turkiyə nümayəndəliyinin tabeçiliyindən alınıb Rusiya ofisinə verilməsindən sonra müşahidə olunmaga başladı. Belə ki , əgər əvvəllər biz "McCann Erickson”la müqavilə bağlayırdıqsa, daha sonra "McCann Erickson”un müştəriləri ilə bağlı müqavilələri elə Yusifovun özünə məxsus "Orqanik” şirkəti ilə bağlayırdıq. Bundan başqa, onun reklam bazarında "NewMedia” və "Havas Media” şirkətləri də var idi”.
Milli Təhlükəsizlik Nazirliyinin repressiv maşınının dağılmasından məmnun qalan İsmayıl Səlimovun hazırda yeganə istəyi Gəray Yusifov, Əsgərov və Novruz Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsidir: "Bu adamlar illər uzunu qazandığımı əlimdən alıb. İndi mən şəkərli diabetdən əziyyət çəkirəm, ürəyimdə ciddi problemlər var. "Akula Akif” ləqəbli Akif Mustafayev ölkədən qaçıb. Onun himayə etdiyi Gəray Yusifov, Novruz Əliyev və Əskərov azadlıqdadırlar və qanunsuz yolla əldə etdikləri biznesi idarə edirlər. Mən prokurorluq orqanlarından onları da məsulyyətə cəlb edilməsini tələb edirəm. Hesab edirəm ki, məmurların ailə üzvlərinin də bizneslə məşğul olmasına qadağa qoyulsa, Bakı şəhər Reklam Departamentinin rəhbərliyi kimlərləsə işbirliyi qurub, bu kimi iyrənc əməllərə əl ata bilməzdi. Həmçinin "Art media servis” şirkətinin bağlanmasını və biznesimin özümə qaytarılmasını tələb edirəm”.
İsmayıl Səlimov söylədiyi hər sözünün arxasında sənədlərin dayandığını deyir. Hesab edir ki, hələ də öz biznesindən qıraqda qalması, ölkə başçısının qəzəbinin belə Gəray Yusifov, Novruz Əliyev və "Akula Akif” üçlüyünün gücünun qarşısında aciz olmasından xəbər verir, ya da hələ hüquq-mühafizə orqanlarının bu və ya digər səbəblər üzündən bu cinayətə əli çatmır.
Bu məsələdə qaranlıq qalan tərəf Gəray Yusifovun və onun himayədarlarının "Mediaqraf” şirkətinin biznesini əlinə keçirmiş "Art medi servis” şirkətində nə kimi maraga malik oması məsələsidir. Bunu aydınlaşdırmaq və ümumiyyətlə, Gəray Yusifovun məsələyə münasibətini öyrənmək üçün dəfələlə "McCann Erickson” Azərbaycan təmsilçiliyi ilə əlaqə saxlanılsa da, heç bir cavab verilməyib.
Bu barədə hətta "McCann Erickson” şirkətinin ABŞ ofisindən ”sizə Bakıdakı təmsilçiliyimizdən məlumat veriləcək” cavabını alsa da, Yusifovdan xəbər çıxmadı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !