Getmək istəməyən Qarabağ erməniləri üçün hansı addımlar atılmalıdır ? - Şərh

15:29 | 27.09.2023
Getmək istəməyən Qarabağ erməniləri üçün hansı addımlar atılmalıdır ? - Şərh

Getmək istəməyən Qarabağ erməniləri üçün hansı addımlar atılmalıdır ? - Şərh

Qarabağda yaşayan erməniəsilli vətəndaşların 50 minə yaxını Ermənistana köçüb. Bu barədə Ermənistan mətbuatı məlumat verib.
  
Köç edənlərin bir qismi Laçın dəhlizində Azərbaycan mətbuatına açıqlama verərək bildirib ki, onlar Qarabağı tərk etmək istəmirlər, sadəcə buna məcbur edilirlər. 

Sentyabrın 21-də Azərbaycan separatjı rejimin nümayəndləri ilə əldə etdiyi razılığa görə Azərbaycan vətəndaşlığını qəbul edəcəklər şəxslər Qarabağda yaşamaq hüququna malik olacaq və onların təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən qorunacaq. 

Siyasi məsələlər üzrə ekspert Azər Qasımlı hesab edir ki, Qarabağda yaşayan ermənilər özlərini təhlükəsiz hiss etmədiyi üçün getmək qərarını veriblər. 

"Azərbaycan hökuməti erməniəsilli şəxslərin qalması üçün konkret açıq təkliflər verməlidir. Sözdə bu deyilə bilər. Məsələn, Azərbaycanda seçkilər keçirlən zaman iqtidar həmişə seçkilərin demokratik olacağını bildirir, lakin nəticəyə baxanda görürsən ki, qeyri-demokratikdir. Yəni Azərbaycan iqtidarı nə desə də - hüquqlar, demokratiya, insan haqları və s. heç kim buna inanmayacaq. Azərbaycan son zamanlar beynəlaxalq təşkilatlar tərəfindən həbs olunan siyasi şəxslər üçün ciddi şəkildə təziqlərə və tənqidlərə məruz qalıb. Buna görə də, nə deyilməsindən asılı olmayaraq bunların real heç bir təsiri olmayacaq. Azərbaycan özü buna inanmır, qaldı ki dünyanı buna inandıra”,- o vurğulayıb. 


Ekspert düşünür ki, sözdən çox iş görmək daha yaxşı nəticə verə bilər. 


«Qarabağdakı separatçı rejimin rəhbərləri onlara Qarabağı tərk etmələrini deyiblər. Bununla bağlı əvvəlcədən həm Azərbaycanla, həm də ruslar ilə danışıq aparılaraq qərar verilib. Qarabağda qalanlar ilə bağlı böyük ehtimal razılaşma ondan ibarətdir ki, rusların bu bölgədə qalması üçün Xankəndidə kiçik bir qisim erməni qalsın. Orada artıq Azərbaycan iqtidarının nə edib-etməyəcəyi o qədər də vacib deyil”, - Qasımlı söyləyib. 

Siyasi şərhçi vurğulayır ki, ermənilərin bu cür çıxışları beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı gələcəkdə istifadə oluna bilər. 

«Onlar bunu etnik təmizləmə kimi qələmə verə bilərlər. O cəhdləri biz görəcəyik. Artıq danışmağa başlayıblar. Amma bu tez olmayacaq. Proses bitdikdən sonra Beynəlxalq Məhkəmələrə müraciətlər olacaq. Mən bunları gözləyirəm”, - Azər Qasımlı deyib. 

Politoloq Tural İsmayılov deyir ki, ermənilər bu cür çıxışları panika yaratmaqdan ötrü edir. 

« Hesab edirəm ki, Azərbaycana təslim olan pərdə arxasında xain planlar quran adamlar Xankəndində hələ də mövcuddur. Məhz onların məkrli hiyləgərliyi, eyni zamanda erməni cəmiyyəti içərisində apardığı saxta təbliğat prosesin bu hala gəlməyinə gətirib çıxarır. Digər bir tərəfdən əlbəttə ki, orada Azərbaycan vətəndaşlığı daşıyan, Azərbaycan vətəndaşı olan erməni əsilli insanların qalmağında maraqlı olmayan qüvvələr var. Bu qüvvələrin sayı bir xeylidir. Həmin qüvvələr situasiyanı gərginləşdirməyə çalışırlar. Həm təbliğat aparmaq üçün, həm də gələcəkdə hansısa bir beynəlxalq aləmdən dilənmək, qrantlar, yardımlar toplamaq üçün oradan kütləvi formada insanların köçünə nail olmağa çalışırlar. Bununla da sanki böyük bir «Qaçqın bumu» yaşanırmış kimi mənzərə yaratmağa çalışırlar», politoloq vurğulayıb. 

İsmaılov düşünür ki, Azərbaycanda rəsmi şəxslərin onlara münasibəti göz qarşısındadır və bu cür manipulasiyalar qəbuledilməzdir. 

Sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «DW» nəşrinə açıqlamasında Azərbaycanın heç kimi Qarabağı tərk etməyə məcbur etmədiyini, Qarabağı tərk etməyin sakinlərin şəxsi və fərdi qərarları olduğunu bildirib.

Sentyabrın 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin diqqətdə saxlandığını deyib.


Sentyabrın 19-da  Bakı lokal antiterror tədbirlərinə başladığını elan edib və erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu və ertəsi gün Azərbaycanın Yevlaxda Bakı və Qarabağın erməni əhalisinin nümayəndələrinin "reinteqrasiya məsələlərini müzakirə etmək üçün” görüşü keçirilib.
 
İstiqamət:6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.  
Aygün Mirakif 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti