Gömrük-keçid məntəqələrində özbaşınalığa nə vaxt son qoyulacaq? - VİDEO

23:03 | 16.01.2020
Bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da.
Baku.Tv xəbər verir ki, ölkə başçısının 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirdiyi bu irad gömrük-keçid məntəqələrində vətəndaşların üzləşdiyi reallıqdır.  
Hətta müxtəlif vaxtlarda mövcud problemlərlə bağlı media və sosial şəbəkələrdə də məqalələr, video görüntülərlə rastlaşmışıq.  

Kimisi piyada və nəqliyyat vasitələrinin keçidində sıxıntı yaşayır, vaxt itirir, kimisi də gömrük əməkdaşlarının lüzumsuz tələbləri və kobudluğu ilə rastlaşır.  
Elə bir neçə gün öncə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də gömrükdə rastlaşdığı vəziyyətlə bağlı öz sosial şəbəkə profilində paylaşım etmişdi: 
"Gömrükdə bəzən elə situasiyayla rastlaşırıq ki, məsələn zabit səlahiyyətlərini bilmir, öz səlahiyyət həddini aşır və yaxud da gömrük prosedur qaydaları var, hökumətin-gömrüyün qərarları, baxırsan ki, gömrük əməkdaşı bilərəkdən yaxud bilməyərəkdən bundan xəbəri yoxdur ki, bu prosedurlar necə qurulmalıdır. "Balakən-Mazımçay” gömrük postunda uzunluğu 500 metrdən çox piyadaların giriş-çıxış xətti var. Yəni biabırçı bir vəziyyətdədir. Qocası var, uşağı var, xəstəsi var. Gözləmə zalının üzünü heç kim görməyib”. 
Gürcüstanla sərhəddəki "Sınıq körpü” və Rusiya ilə sərhəddə yerləşən "Samur” gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşların fikirləri də dediklərimizi tamamilə əks etdirir.  
Ekspertlərin fikrincə, gömrük əməkdaşlarının vətəndaşlarla kobud və lüzumsuz dialoq aparması yolverilməzdir. Vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməlidir.  
 
"Gömrük işçiləri üçün daimi, mütəmadi olaraq, fasiləsiz treninqlər olmalıdır. Bu treninqlər yetərli qədər deyil, görünür. Gömrük-keçid məntəqələrində infrastruktur özü köhnəlmişdir. Cənab prezident də qeyd etdi, 15 il, 10 il bundan əvvəl yaradılmış infrastrukturdur. İndi tamamilə yeni bir infrastruktur yaradılır və bizim qonşu dövlətlərin bir çoxlarında bu var. Oradan insanlar rahatlıqla keçirlər. Amma gəlib bizim gömrük-keçid məntəqələrində dayanırlar”, - deyə "KONSTİTUSİYA” Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev bildirib. 
Osman Gündüz isə qeyd edib ki, bir müddət öncə bununla bağlı böyük bir müzakirələr təşkil olundu: 
"Vətəndaş cəmiyyəti, media qurumları, maraqlı tərəflər, sahibkarlardan çox sayda təkliflər toplandı. DGK-nin yığıdığı təkliflər hökumətə təklif olundu, amma gömrük məcəlləsində dəyişikliklər yoxdur. Mən hesab edirəm, bu dəqiqə gözlənilən sənədin birisi DGK-nin hazırlayacağı bir gömrük məcəlləsi olmalıdır”. 
Görünən odur ki, bu sahədə həm gömrükçülərin, həm də istifadəçilərin maariflənməsinə ehtiyac var. 
Çıxış yolu kimi "Yaşıl dəhliz” sistemində olduğu kimi piyada keçidlərində texnoloji yeniliklərdən istifadə edib, məmur-vətəndaş münasibətlərini minimuma endirmək lazımdır. 

 


www.anews.az