Çəkiliş meydançasındayıq. Hələ "Motor” komandası verilməyib. Qrup üzvlərinin bəziləri son hazırlıq işlərini görür, bəziləri mətbəxdə çay içirlər. Bir kənara çəkilib kitab oxuyan adam diqqətimi cəlb edir. Həmin şəxs teleserialın rejissoru İrakli Apakidzedir, onun əlindəki isə Knut Hamsunun "Aclıq” əsəridir. Bir azdan "Həyat çiçəyi”nin növbəti seriyası çəkiləcək. Rejissoru kitabdan ayırıb ona müsahibə almaq istəyimi deyirəm.İ.Apakidze Tbilisidə teatr institutu iki dəfə bitirib - aktyor və rejissor ixtisasları üzrə. On bir il Rustavelli Teatrında, məşhur Robert Sturua ilə birgə çalışıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində qarışıqlıq içərisində olan Gürcüstandan Hollandiyaya köçüb, orada yaşadığı 14 il ərzində dörd tamaşa qoyub, filmlərdə, teleseriallarda çəkilib. Bu müddətdə teleserialların çəkilmə prinsiplərini mənimsəyib. Deyir ki, teleserial və kino tamam ayrı-ayrı sahələrdir: "Teleseriallar tamam başqa məhsuldur. Tamam başqa cür çəkilir. Bu, fabrikdir. Fabriki yaratmasan, konveyeri qurmasan, heç nə alınmayacaq”.Təxminən üç il əvvəl Apakidze Bakıda qastrol səfərində olub. Onun quruluş verdiyi "Mühacirlər” (S.Mrojek) Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində oynanılıb.Rejissor Bakını dənizdən çıxmış Afroditaya bənzədir: "Bununla belə, şəhər nə qədər gözəl olsa da, orada yaxşı adamlar yaşamırsa, bu, soyuq gözəllik olacaq. Amma Bakı bu mənada isti, mehriban şəhərdir”...- "Həyat çiçəyi” layihəsi necə yarandı?- 2007-ci ildə Hollandiyadan Gürcüstana qayıdandan sonra teleseriallarla bağlı öyrəndiyim təcrübəni tətbiq etmək istədim. Uzun müddət insanları inandırmalı oldum ki, hansısa Latın Amerikası serialını adaptasiya etmək yox, məhz gürcü serialı çəkmək lazımdır. Bu proses iki il çəkdi və 2009-cu ildə bu layihəyə başladıq. Bu, Gürcüstanda ilk milli "sabun köpüyü” nümunəsi idi. İndi orada çoxlu belə serial var, amma ilk qaranquş biz olduq. Bu, 60 seriyalıq layihə "Çiçəklənmə zamanı” adlanırdı. Azərbaycandakı adaptasiya isə "Həyat çiçəyi”dir. Bəzi dəyişikliklər etməli olduq, çünki burada qırx seriya nəzərdə tutulub. Bir şeyi də dəqiqləşdirmək istərdim. Saytınızda "ULTRA-PRODUCTION” şirkətinin rəhbəriylə getmiş müsahibədə bildirilirdi ki, "Həyat Çiçəyi” Gürcüstanda yayımlanmış Rusiya serialının adaptasiyasıdır. Həmin serialın ssenari müəllifi və rejissoru mənəm və sizi əmin edirəm ki, heç bir rus serialının adaptasiyasından söhbət gedə bilməz. Gürcüstanda yayımlanan serial orijinal idi. Yəni teleserialın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, Gürcüstanın Rusiya ilə münasibətləri yoxdur. Bu sırf gürcü serialıdır, şəxsən mənim ssenarim əsasında çəkilib. Bu layihə 60 seriyadan ibarət idi və üç il əvvəl "Rustavi -2” telekanalında nümayiş etdirilən bu teleserial böyük uğur qazandı. Sonra Azərbaycan tərəfi – ATV kanalı həmin serialın adaptasiyanı hazırladı və biz indi "ULTRA-PRODUCTION”la birgə həmin layihəni "Həyat çiçəyi” adı altında Azərbaycanda gerçəkləşdiririk. Amma Azərbaycanda bu, qırx seriya olacaq.- Bu serial nədən bəhs edir?- Hər dəfə mənə serialın mövzusu ilə bağlı sual veriləndə ona cavab verməkdə çətinlik çəkirəm. Bir-iki seriyalıq bədii filmin mövzusu barədə asanlıqla danışmaq olar. Amma qırxseriyalı teleserialın mövzusu barədə konkret nəsə demək çətindir, bir cümlə ilə belə ifadə etmək olar: serial hər şeyi əhatə edir. Bütünlükdə həyat – münasibətlər, sevgi, xəyanət, dostluq, nifrət barədədir. Həyatda nə baş verirsə, serialda da onlar əksini tapır. Bir cümlə ilə belə deyərdim, bu serial xeyir barədədir. Mən insanlara xeyirxahlıq barədə danışmaq istəyirəm.- Çəkiliş prosesi necə gedir?- Çəkilişlərə sentyabrın 2-dən başlamışıq və oktyabrın 3-də ilk seriya artıq efirə verildi. Siz özünüz də anlayırısnız ki, bu nə deməkdir. Daha sürətlisi mümkün deyildi. Mən özüm də təəccüblənirəm ki, bu, bizə necə müyəssər oldu. Hər dəfə seriya efirə gedəndən sonra az qala düşünürəm ki, bunu kim, necə çəkib, mən "ULTRA-PRODUCTION”a, serial üzərində çalışan hər bir şəxsə çox minnətdaram, çünki demək olar ki, sutkada 24 saat işləməli oluruq. Kənardan baxanda görürəm ki, çəkiliş qrupunun – istər inzibati, istərsə də yaradıcı işçilər əsl qəhrəmanlıq göstəriblər. Belə deyək, biz indi ekstremal şərtlərdə işləyirik, çünki vaxtımız çox azdır. Bildiyiniz kimi, artıq serial efirə gedir. Buna görə də gərgin şəraitdə - bəzən gündə 12-14 saat iş başında oluruq. Olub ki, səhər saat 6-7-dək çəkiliş aparmışıq. Allaha şükür, öhdəsindən gəlirik. Noyabrın ortalarınadək 10 seriyanı təhvil verməliyik. Bu gün beşinci seriya efirə veriləcək. Altıncı seriya prinsipcə hazırdır. Artıq 8-9-ci seriyalar üzərində çalışırıq. Onu da bilirsiniz ki, təkcə çəkilişlə iş bitmir, sonra montaj işi, səsləndirmə, musiqi və s. var. Yəni, postprodakşn çox vaxt alır. Havaların dəyişməsi bizə çox mane olur. Bakı küləklər şəhəridir və bu küləklər üzündən biz çox şeyi daha tez çatdıra bilmirik. Bundan başqa, yağış da işimizə çətinlik yaradır. Belə havalarda eksteryer çəkilişləri aparmaq, demək olar, mümkün deyil. Səs rejissorlarımız artıq küləyin əlindən boğaza yığılıblar.- Çəkiliş prosesində maraqlı əhvalatlar baş verirmi?- Demək olar ki, hər gün maraqlı nəsə baş verir. Axundov bağında çəkiliş aparırdıq. Qəhrəmanların öpüşmə səhnəsini çəkməliydik. Gecə idi. İşıqlandırma üçün generatordan istifadə etməli olduq. Az qala bütün şəhər üstümüzə töküldü ki, səs-küy salırsınız, yatmağa qoymursunuz. Polis gəldi. Biləndə ki, biz "Həyat çiçəyi”ni çəkirik, sakinlər sakitləşdilər, polisi də ərazidən uzaqlaşdırıb kənardan çəkilişləri izləməyə başladılar. Ümumiyyətlə, generatorun səsi gecələr daim bizə problem yaradır.- Aktyorlarımız barədə nə düşünürsünüz?- Onlardan çox razıyam. Elə aktyorlar bizim serialda çəkilməyə razılıq veriblər ki – Fəxrəddin Manafov, Fuad Poladov, Mehriban Zəki, Oleq Əmirbəyov, Mələk Abbaszadə, Mətanət Atakişiyeva, Günel Məmmədova... Onlarla işləməkdən çox məmnunam və bu böyük məsuliyyətdir. Əla partitura alınıb. Çox yorulmağımıza baxmayaraq, onlarla işləmək böyük zövq verir.- Necə düşünürsünüz, Azərbaycan və Gürcüstanın məişətləri, mental tərəfləri bənzərdirmi?- Əksər hallarda oxşayır, amma çoxlu fərqlər də var. Bu çox maraqlıdır, mənim üçün böyük təcrübədir. İndi tamam fərqli mədəni mühitdəyəm. Çox şey öyrənməli, çox şeyi nəzərə almalı oluram. Əlbəttə, çətinliklər olur, amma bu mənim üçün çox maraqlıdır. Məsələn, elə şeylər var ki, Gürcüstanda onu asanlıqla çəkmək olar, amma burada həmin səhnə tamam başqa cür görünür. Bir məqamı da qeyd edim, fikrimcə, sizin tamaşaçı, hələlik, sabun operalarını qəbul etməyə hazır deyil. O, daha çox faciə, qətl, həbs istəyir, bizim serialdasa bunlar yoxdur, biz daha çox pozitiv həyat səhnələrindən danışırıq. Buna baxmayaraq, reytinq cədvəlləri bizim xeyrimizə danışır.RəbiqəANN.Az