Rüstəm Qasımov
Bir müddət əvvəl Mədəniyyət və Turizm nazirliyi nəzdindəki Muzey Mərkəzində gənc azərbaycanlı rəssam Gülarə Hüseyovanın "Ruhumun rəngləri” adlı fərdi sərgisi keçirildi. Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 34 şəkil təqdim olunurdu.
Tədbirin aparıcısı olan tanınmış aparıcı Nərgiz Cəlilova çıxışı zamanı gənc rəssamın bioqrafiyasının parlaq məqamlarından danışdı. "Dünyanı uşaq gözləriylə görməkdən daha pak bir şey mövcud deyil. Gənc rəssamın məhz bu aydın hissləri onun bol rəngli, həyatsevərlik və sevinclə dolu şəkillərində əks olunur. Gülarənin işləri impressionistlər və onların davamçıların dəsti xəttinə yaxındır. Fransa məktəbinin təsiri təəccüblü deyil, çünki Gülarə özünün sevdiyi muzeylərə misal kimi, Luvru və Parisdəki Roden muzeyinin adını çəkir, onun sevdiyi kitab isə Viktor Hüqonun "Səfillər” romanıdır. Gülarənin yaradıcı palitrasında əsas yeri natürmotlar və peyzajlar tutur. Onun rəsmlərinə diqqətlə baxsanız, mavinin, tünd mavinin, sarının "zərif ətri”ni duya bilərsiniz”, - Cəlilova bildirdi.
Sonra söz Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağalı İbrahimova verildi, o gənc rəssamı belə əlamətdar hadisə münasibətiylə təbrik etdi və ona yaradıcılığında uğurlar arzuladı. "Son dövrlər Bakıda uşaq sərgilərinin sayı hədsiz artıb, bu məni sevindirməyə bilməz. Hər il vizual incəsənətlə məşğul olan uşaqların sayı getdikcə artır. Axı mədəniyyətin və idmanın inkişafı dövlətimizin əsas hədəflərindən biridir. Son 20 ildə ölkəmiz mədəniyyət və idman sahəsində çox böyük sıçrayışla irəli atılıb, nəticədə idmanımız və mədəniyyətimiz bütün dünyada tanınmağa başlayıb. Gülarə çox istedadlı qızdır, çünki o, eksperiment eləməkdən çəkinmir, rənglərdən yaxşı baş çıxarır və özünə lazım olanları tapır. Onun nəinki təkcə parlaq rəngləri, həm də natürmotlar, şəhər peyzajları daxil olmaqla orijinal kompozisiyaları var, bunlar onun daxili aləmini əks etdirir”, - İbrahimov dedi.
"Həyat yoldaşım Nadejda İbrahimova uşaq sərgilərinə baş çəkməyi hədsiz xoşlayır və bundan böyük zövq alır. Pikassonun unudulmaz sözlərini xatırlamamaq olmaz: "Mən uşaqlar kimi çəkmək üçün hər şeyimi fəda edərdim”. Rəssamlar İttifaqına uşaqların inkişafında maraqlı olan valideynlər getdikcə daha çox baş çəkirlər. Onlar hətta uşaqlarının sərgilərdə iştirakını da istəyirlər, bu da onların gələcəyi üçün çox vacibdir. Mədəniyyətin inkişafı da onun propaqandasından çox asılıdır, burda KİV əvəzedilməz rol oynayır”- cənab İbrahimov bildirdi.
Rəssam özü isə yaradıcılığı haqda bunları deyir: "Mən gördüyümü çəkirəm, amma həm də istəyirəm hər kəs burada öz xüsusi dünyasını tapsın”. Gülarə deyir ki, onun məqsədi öz yolunu tapmaq və Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi olmaqdı. Gələcəkdə isə Londonda rəssamlıq studiyası açmaq və gənc istedadların şəxsi qalereyasında təhsil almasını istəyir.
Sərginin təşkilatçılarının əməyini qeyd etməmək mümkün deyil. Tədbir Yeni il öncəsi keçirildiyindən məkanda bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Sərgi ümumiyyətlə çox şən və maraqlı keçdi. Əminəm ki, iştirakçıların hamısı tədbirdə iştirakdan böyük zövq aldılar.
Elmi, maarifçiliyi, mədəniyyət və təhsili təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə sizə "Ruhumun rəngləri” fərdi sərgisindən fotoları təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !