Gürcüstandan Avropaya getmək üçün viza rejimi tətbiq edilə bilər. Bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
O bildirib ki, Avropa ilə yaxınlaşma məsələsi qaydasına düşməyəcəyi təqdirdə bu ölkə ilə vizasız rejim ləğv edilə bilər.
"Seçkilər demokratik və ədalətli keçirilməsə, Aİ sanksiyalara əl atmalı olacaq",- o bildirib.
Gürcüstanın ABŞ və Aİ ilə münasibətləri may ayında Gürcüstan parlamenti tərəfindən xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib.
Dövlət Departamenti bildirib ki, qəbul olunmuş qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri, onların qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edir.
Dövlət katibi Antoni Blinken iyul ayında xarici agentlər haqqında qanunla əlaqədar Tbilisiyə 95 milyon dollardan çox məbləğdə yardım göstərmək proqramını dayandırmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. Eyni səbəbdən, Aİ Gürcüstan Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avronu dondurdu.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim partiya 4-cü dəfə qalib gəlməyə çalışacaq. Onun əsas rəqibi Vahid Milli Hərəkat Partiyasıdır. Ən çox səs toplayan partiya hökuməti quracaq baş nazir namizədini irəli sürəcək.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !