Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söyləyib.
H. Abutalıbov yanmış çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan və kirayədə yaşayanların müraciətinə uyğun olaraq kompensasiya ödənilməsi prosesinin davam etdiyini bildirib: "Bizimlə bağlı hər hansı problem yoxdur, pul bankdadır. Amma müraciətlər gecikir. Bu da onunla əlaqədardır ki, kiminsə xəstəsi var, yaxud başqa səbəblərdən müraciət etməkdə gecikir”.
H. Abutalıbov kirayədə yaşayan ailələr sırasında jurnalist ailəsinə də kompensasiya ödənildiyini nəzərə çatdırıb: "Ev sahibi ilə kirayədə yaşayan ailə razılaşır ki, nəzərdə tutulan 20 min manatın nə qədəri ev sahibinə, nə qədəri də kirayədə yaşayan ailəyə çatsın. Razılaşma olandan sonra bu barədə protokolu bizə təqdim edirlər. Biz bankda kirayəyə yaşayanın və mənzil sahibinin hesabına ayrılıqda pul köçürürük. Kirayədə yaşamış jurnalist həmkarınız Sevinc Fədainin hesabına da pul köçürülüb”.
H. Abutalıbov medianı kompensasiyaların ödənilməsi prosesində şəffaflığın təmin edilməsi işində yardımçı olmağa, müvafiq məlumatları Bakı şəhər İcra Hakimiyyətinə çatdırmağa çağırıb.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında 56 ailə qeydiyyatda olub. Mayın 21-də Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alan hər bir kəsə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə veriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !