"Heç nədən partlayış baş verə bilməz" - AÇIQLAMA

13:49 | 04.08.2015

"Heç nədən partlayış baş verə bilməz" - AÇIQLAMA

Bu gün "Bakı-Tbilisi-Ərzurum" təbii qaz boru xəttinin Sarıqamış ərazisindən keçən hissəsində partlayış baş verib. SOCAR-ın ilkin açıqlamasına görə, hadisə ilə bağlı Azərbaycana hər hansı zərər dəyməyib. 20 kilometr aralıda səsi eşidilən partlayışda terror izi varmı? Hər kəsi daha çox maraqlandıran bu məsələdir. Həm də onu nəzərə alaq ki, eyni ərazidə bu xətt üzərində ikinci dəfədir ki, partlayış baş verir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban ANN.Az-a açıqlmasında bildirib ki, eyni ərazidə ikinci dəfə partlayış hadisəsinin olması çox təəccüblüdür: "Bundan əvvəlki partlayış 2009-cu il mayın 29-da olmuşdu. Və o vaxt baş verən yanğın çox böyük olduğundan Türkiyənin "Botaş" şirkəti həmin kəməri yalnız iyun ayının 8-də  bərpa edə bilmişdi. Amma bu dəfə isə çox şanslı olmuşuq. Çünki kəmər avqustun ayının 2-də fəaliyyətini dayandırıb. Bu səbəbdən də qaz boru xəttinin içərisi boş olub. Yanğın yalnız boru üzərindəki örtüyün yanması ilə nəticələnib". 
 
 

Ekspert Türkiyə ərazisində bundan əvvəl iki boru xətti üzərində -  "Təbriz-Ərzurum", "Kərkük-Yumurtalıq" kəmərlərində terror aktlarının törədildiyini xatırladıb: "Bu partlayışları PKK rəsmən öz üzərinə götürdü. Amma "Bakı-Tbilisi-Qars" kəmərində baş verən partalayışı hələ ki, hansısa bir terror təşkilatı öz üzərinə götürməyib. Qeyd edik ki, ilk partlayışdan sonra da, 2012-ci ildə "Bakı-Tbilisi-Ceyhan"da baş verən hadisəsən sonra da heç bir terror qrupu məsuliyyəti öz üzərinə götürməmişdi”.

"Bakı-Tbilisi-Qars" kəmərinin ikinci dəfə Sarıqamış ərazisində partladılması səbəbinə gəlincə, mərkəz rəhbəri vurğulayıb ki, bu sualı Türkiyənin "Botaş" şirkətinə ünvanlanmaq lazımdır: "Botaş" şirkəti bu partlayışın texniki, yoxsa terror qruplaşmaları tərəfindən törədildiyini araşdırmalıdır. Bu boru kəmərində partlayış ayın 4-də baş verib, ayın 2-də isə bu kəmərdə işləyən nasosların fəaliyyəti dayandırılıb. Bu partlayışla bağlı ehtimallar da çox ola bilər. Amma atmosfer təzyiqi olmayan boru kəməri nədən və niyə partlasın ki? Heç nədən "Bakı-Tbilisi-Qars" kəməri  partlaya bilməzdi. Çox güman ki, hansısa partlayış vasitəsilə partladılıb”. 

Mütəxəssis hesab edir ki, bu vaxta qədər Azərbaycan borularının Türkiyə ərazisinin keçən hissəsində baş verən yanğınlarda hələ ki heç bir terror qruplaşması partlayışı öz üzərinə götürməyib: "Bu hadisə üçündə gözləmək lazımdır ki, hansısa terror qruplaşması öz üzərinə götürəcəkmi?” 
 
 

Qeyd edək ki, partlayış hadisəsi ilə əlaqədar SOCAR rəsmisi açıqlama verib ki, "Bakı-Tbilisi-Ərzurum" təbii qaz boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır.

ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sözlərinə görə, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. "Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, "Botaş" şirkəti həyata keçirir. "Botaş" şirkəti ilə daimi əlaqələrimiz var.  Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat veriləcək”, - deyə N.Quliyev vurğulayıb.


Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM