Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovun ANN.Az saytına müsahibəsi:
- Biz Ukraynada baş verən hadisələri müntəzəm izləyirik və bizim üçün dost olan bu ölkədə hansı hadisələrin cərəyan etdiyini demək olar ki, bilirik. Həmyerlilərimizin və diasporamızın Ukraynada vəziyyəti də bizim üçün əhəmiyyətlidir…
- Müxtəlif Azərbaycan təşkilatları Ukraynanın demokratikləşməsi prosesində fəal iştirak edirdi. Meydanda ilk günlərdən Azərbaycan bayraqları dalğalanırdı. 24 noyabrda mən meydanda çıxış edərək, Azərbaycan diasporasının Ukraynanın Avrointeqrasiya kursunu yekdilliklə dəstəkləməsinə dair bəyanatını səsləndirdim. Bundan bir neçə gün sonra naməlum şəxslər mənim maşınımı yandırdılar. Hakimiyyət xalq etirazlarına verdiyimiz dəstəkdən imtina etməyimiz üçün bizə müxtəlif üsullarla təzyiq göstərirdi. Amma biz öz yolumuzdan dönməyərək möhkəm dayandıq. Həmçinin biz müxtəlif siyasətçilərlə görüşərək, prezident və parlament seçkilərində fəal iştirak etdik.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporası Pyotr Poroşenkonu prezident seçkilərində, onun blokunu isə parlament seçkilərində dəstəklədi. Biz həmçinin Kiyevdə keçirilən mer seçkilərində seçiciləri Vitali Kliçkoya səs verməyə çağırdıq. Bu mövqeyimizi biz diasporamızın bütün liderlərinin – alimlərin, biznesmenlərin, ictimai xadimlərin iştirak etdiyi, azərbaycanlıların Ümumukrayna forumunda da səsləndirdik. Və indi biz hökumətdə və Radada təmsil olunan şəxslərlə işləyirik. Biz çox razıyıq ki, Ukrayna parlamentinə tarixdə ilk dəfə, ora öz şəxsi maraqları üçün yox, ölkəni yaxşı istiqamətə doğru dəyişmək istəyən şəxslər keçdilər.
- Bizə məlum olduğu qədəriylə, həmyerlilərimizdən heç biri ötən il keçirilən Radaya seçkilərdə deputat seçilə bilmədi. Niyə azərbaycanlılar bu məsələdə bu qədər passiv oldular?
- Yanukoviçin hakimiyyəti dövründə dövlət postlarında bir neçə azərbaycanlı var idi. Ancaq mən deyə bilmərəm ki, onlardan kimsə bizim diasporamızın maraqlarını müdafiə edirdi. Mən əmin deyiləm ki, Ali Radada iki-üç azərbaycanlı deputatın olması ilə bizim diasporamız udacaq. Amma əgər bizim bir çox dostlarımızın üzvü olduğu ən böyük siyasi fraksiyanın dəstəyinə bel bağlasa, onda mütləq udacaq.
Ukrayna – çox tolerant ölkədir, burada şovinizmə bənzər heç nə yoxdur. Ukraynalı üçün Ukraynanın vətəndaşı olan istənilən millətlərin nümayəndələrinin maraqlarını müdafiə etmək normaldır. Deputatın soyadının necə olacağının isə mənim üçün mənası yoxdur, istər İvanenko olsun, istərsə də Məmmədov. Əsas vacib olan odur ki, bu deputat bizə problemlərimizin həllində kömək etsin. Və budur, indiki Ali Radada, əvvəlki ilə müqayisədə belə köməkçilər daha çoxdur. Həmçinin onu da deyim ki, bu seçkilərdə biz qarşımıza məqsəd qoymamışdıq ki nəyin bahasına olursa-olsun parlamentə daxil olaq və ya hansısa yüksək dövlət postlarını alaq. Biz sadəcə, uşaqlarımızın güclü, demokratik Avropa ölkəsində böyüməsi üçün əlimizdən gələni edirdik.
- Ukraynanın cənub-şərqində bugünkü vəziyyəti necə xarakterizə edərdiniz?
- Hesab edirəm ki, Pyotr Poroşenko Donbassın xüsusi statusunu ləğv etməklə düzgün hərəkət etmiş oldu. Süni yaradılmış münaqişəni qurtarmaq üçün, prezident faktiki olaraq işğal edilmiş ərazilərə iqtisadi muxtariyyət və özünüidarə verdi. Amma bunun əvəzində o, atəşi dayandırmağı və Donbassda Rusiya-Ukrayna sərhədi üzərində nəzarəti qaytarmağı tələb etdi. Ancaq bir neçə ay ərzində separatçılar tərəfindən bir gün də hücumsuz keçmədi. "Barışıq" zamanı onlarla ukraynalı vətənpərvər döyüş əməliyyatları nəticəsində həlak oldu. Bu şəraitdə terrorçulara hansısa şərtlər təqdim etməyin mənası yox idi. Prezident qətiyyət göstərdi və düzgün etdi. Bundan başqa, işğal edilmiş ərazilərdə istənilən sosial ödəmələrin dayandırılması terrorçulara daha çox təsir edə bilər, nəinki hərbi əməliyyatlar.
Donbassın işğal edilmiş əraziləriylə bağlı Pyotr Poroşenkonun gördüyü tədbirləri düzgün qiymətləndirmək üçün kimin nə məqsədlə bu müharibəni başlamasını anlamaq lazımdır. Onların hədəfi Donetsk və Luqansk sakinlərinin rifahlı gələcəyini təmin etmək deyildi. Onların yeganə istəkləri Ukrayna üçün problemlər yaratmaq idi. Bu səbəbdən separatçılarla və onları dəstəkləyən qüvvələrlə hər hansısa danışıqlar müvəffəqiyyətlə nəticələnə bilməz. Hətta əgər Ukrayna "DXR"-in və "LXR"-in müstəqilliyini tanısa belə, münaqişə qurtarmayacaq, sadəcə Xarkov və Odessa torpaqlarında davam edəcək.
Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsiylə bağlı da eyni vəziyyətdir. Azərbaycan və Ermənistan prezidentləri neçə dəfə görüşüblər! Neçə dəfə atəşin dayandırılmasına dair razılıq əldə olunub! Mərhum prezident Heydər Əliyev on il bu problemin həlli üzərində işləyib. Onun davamçısı İlham Əliyev bu problem üzərində müntəzəm işləyir. Amma Dağlıq Qarabağla sərhəddə onsuz da atəş səsləri eşidilir və insanlar məhv olur. Çünki Azərbaycan üçün həmişə problemlər yaratmaq kiməsə sərfəlidir. Bu məsələ siyasi həllini tapmayana kimi, heç bir danışıq heç nəyə gətirib çıxarmayacaq. Müharibələr silah satan və ordunun saxlanılmasına nəhəng vəsaitlər xərcləyən supergüclərin marağındadır. Amma Donetskdə, Kiyevdə, Bakıda və ya Yerevanda yaşayan sadə insanlar heç vaxt müharibə istəməzlər.
Həmid Həmidov
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !