"İran-Qərb razılaşması neftin qiymətinə təsir etməyəcək" - İlham Şaban

12:47 | 03.04.2015

"İran-Qərb razılaşması neftin qiymətinə təsir etməyəcək" - İlham Şaban

BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (5+1) ilə İran arasında əldə olunan razılaşmaya görə, İranın nüvə silahı hazırlamaq imkanları əsaslı dərəcədə minimuma endirilir və yekun sazişin bütün əsas məqamlarını əhatə edir.
 
Razılaşmaya görə, İranın uran zənginləşdirmə gücü azaldılacaq və Fordou obyekti nüvə fizika tədqiqat mərkəzinə çevriləcək. Artıq istehsal olunmuş zənginləşdirilmiş uran İrandan çıxarılacaq.  BMT-nin nüvə agentliyi İranın yekun razılaşma öhdəliklərini yerinə yetirdiyini təsdiqləyəndən sonra sanksiyalar tam aradan qaldırılacaq.   
 
ABŞ prezidenti Barak Obama da sazişlə bağlı ilk açıqlamasını verib. Onun sözlərinə görə, İran dünyadakı istənilən digər ölkədən daha çox təftişə məruz qalacaq: "Bu uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün cığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq. Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yayılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”.
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  İrana qarşı sanksiya nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin tam sazişlə qaldırılacağını bildirib.

Bu gün dünya mediasını narahat edən suallardan biri budur ki, vəziyyət necə olacaq? Ən əsası, neftin qiymətində ciddi dəyişikliklər olacaqmı? Bu proseslərin dolayısı ilə Azərbaycana təsiri necə olacaq? ANN.Az  xəbər portalı mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şabana müraciət edib.

Ekspert ANN.Az-a açıqlamasında qeyd edib ki, İrana qarşı sanksiyaların tədricən aradan qaldırılması neftin qiymətinin 5 faiz aşağı düşməsi ilə nəticələndi: "Bu, gözlənilən idi. Neftin qiymətinin  cüzi şəkildə aşağı salınması dünya birjaları üçün informativ təsir idi. Sanksiyaların aradan qaldırılması o demək deyil ki, İran nüvə bazarına silah çıxarmaq imkan qazanır.  2015-ci ilin 30 iyununda İranın nüvə silahı ilə bağlı sonuncu sənədləri imzalanmalıdır  və bundan sonra İran dünya bazarına neft satmaq imkan əldə edəcək. Daha dəqiq desək, İran öz neftini bu ilin ikinci yarısında artıq dünya bazarında satmaq hüququ qazanacaq. Dünya bazarına İran neftinin çıxarılması mərhələli şəkildə həyata keçiriləcək. Dünya bazarları da artıq neftin bu satış işlərinə uyğun olaraq öz planlarını hazırlayırlar”.

İran neftinin dünya bazarına çıxarılmasından sonra da əsaslı qiymət artımının olmayacağını deyən ekspert qiymətlərin  5-10 faiz dəyişəcəyini vurğulayıb: "Çünki hazırda İranın qonşusu olan İraqda yüksək templə neft istehsalı həyata keçirilir. Dünənki statistikaya görə, İraq son 35 ildə rekord həcmdə həm hasilatı artırıb, həm də dünya bazarına neft ixrac edib . İraq təxminən 3 milyon barelə yaxın dünya bazarına neft ixrac həyata keçirib. Artıq İranı İraqla müqayisə etmək düzgün olmaz. Çünki İraq dünya neft bazarında yetəri qədər öz sözünü deyib. Bunu statistik rəqəmlər də sübut edir. İranın neft bazarında nüfuzunun azalmasına məhz sanksiyaların qoyulması zərbə vurub”.

Neftin qiymətinin Azərbaycana təsirindən söz açan ekspert qeyd edib ki,  Azərbaycan manatının arxasında neft amili dayanır: "Bunu  Mərkəzi Bank sədri də çıxışında bildirdi. Manatın kursunu müəyyənləşdirən əsas amil də məhz neftdir. Yəni neftin qiymətində hər hansı dəyişiklik olarsa, bu manatın məzənnəsinə də təsir edəcək”.

Orxan ASLANLI

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb