Hikmət Hacıyev ABŞ-a gedib

13:07 | 17.05.2024
Hikmət Hacıyev ABŞ-a gedib

Hikmət Hacıyev ABŞ-a gedib

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi X platformasında məlumat yayıb.

Məlumatda deyilir ki, səfər çərçivəsində Hacıyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.

"Görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub”, - Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass da X platformasında Hikmət Hacıyevlə görüşü barədə yazıb.

"Azərbaycan prezidentinin köməkçisi ilə görüşdə ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və Azərbaycanda keçiriləcək COP29-u müzakirə etdik. Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”, - o yazıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM