Hikmət Hacıyev: “Ermənistanın insan hüquqlarından danışmağa siyasi, hüquqi və mənəvi əsası yoxdur”

23:31 | 12.03.2015
Hikmət Hacıyev: “Ermənistanın insan hüquqlarından danışmağa siyasi, hüquqi və mənəvi əsası yoxdur”

Hikmət Hacıyev: “Ermənistanın insan hüquqlarından danışmağa siyasi, hüquqi və mənəvi əsası yoxdur”

"Münaqişənin həllinə xidmət edən bütün pozitiv məsələlərə münasibətdə Ermənistan rəhbərliyi tərəfindən neqativ cavab verilib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya müsahibəsində Ermənistanın XİN rəhbəri E.Nalbandyanın ATƏT-in Daimi Şurasının iclasındakı çıxışını şərh edərkən bildirib.  
 
Hikmət Hacıyev qeyd edib ki,  ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edən Ermənistan xarici işlər naziri hələ də dərk edə bilməyib ki, 40 illiyi qeyd olunan Helsinki Yekun Aktının fundamental əsasını məhz dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və zor tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyi təşkil edir: "E.Nalbəndyanın çıxışında əsassız iddialardan kənar münaqişənin həllinə və regionda sülhün və sabitliyin bərqərar olmasına dair heç bir fikir yoxdur.
 
O, ilk növbədə münaqişənin fundamental əsasını təşkil edən Ermənistanın işğal və təcavüzünü aradan qaldırmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməli idi.
 
Diplomatik etikadan kənar şəkildə ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatlarını təhrif edən E.Nalbandyana xatırlatmaq istərdik ki, ATƏT MQ həmsədrlərinin prezidentlər səviyyəsində ən ümdə çağırışı mövcud status kvonun qəbuledilməzliyidir. Mövcud status kvonun əsasını isə Ermənistanın işğal və təcavüzü təşkil edir”.   
 
H.Hacıyev qeyd edib ki, prezidentlərin Paris görüşündən sonra Böyük sülh sazişi üzərində işə başlamaq üçün münaqişə tərəfləri olan Ermənistan və Azərbaycana müraciət edilib: "ATƏT-in MQ-nun həmsədrləri E.Nalbandyanla bu ilin fevralında Münxendə keçirilmiş görüşdən sonra yenə də dərhal Böyük sülh sazişi üzərində işə başlamağa çağırış ediblər. ATƏT MQ həmsədrlərinin regiona son səfərindən sonra Azərbaycan bütün səviyyələrdə görüşlərə, strukturlaşdırılmış və işçi qrupları səviyyədə böyük sülh sazişi üzərində vaxt qrafiki üzrə işə başlamağa hazırlığını bir daha ifadə edib. Münaqişənin həllinə xidmət edən bütün bu pozitiv məsələlərə münasibətdə Ermənistan rəhbərliyi tərəfindən neqativ cavab verilib. Bəlkə özündə cəsarət tapıb Ermənistan xarici işlər naziri bu barədə danışardı? Təsadüfi deyil ki, onun çıxışında sülh sazişi barəsində bir kəlmə də ifadə yoxdur.
 
ATƏT-in MQ-nun həmsədrlərinin bəyanatlarına bu dərəcədə "hörmətlə” yanaşan Nalbəndyan bəs onda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə dair MQ-nun çağırışlarına niyə məhəl qoymur?”
 
H.Hacıyev qeyd edib ki, insan hüquqlarından danışmağa isə Ermənistanın ümumiyyətlə siyasi, hüquqi və mənəvi əsası yoxdur: "Ermənistan xarici işlər naziri yaxşı olardı ki, iclas zamanı 2008-ci ildə dinc nümayişçilərinin qətlə yetirilməsi barəsində ona ünvanlanan sualı cavablandırardı və ya onun istintaqı ilə bağlı Ermənistan hökumətinin hesabatını təqdim edərdi.
 
Ermənistanın qeyri-humanizm siyasətinin daha bir göstəricisi itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsindən imtina etməsidir. ATƏT MQ tərəfindən irəli sürülən bu təklif dərhal Azərbaycan tərəfindən dəstəkləndi. Ermənistan xarici işlər naziri iclasda 4000 nəfərdən artıq azərbaycanlının taleyinə, onların konsentrasiya düşərgələrində saxlanmasına və kütləvi şəkildə öldürülərək kütləvi məzarlıqlarda basdırılmasına aydınlıq gətirməli idi”.
 
XİN mətbuat xidmətinin rəhbəri mədəniyyət abidələrindən danışan Nalbandyana Ermənistan ərazisində və Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin statusu barəsində fakt araşdırma missiyasına niyə ölkəsinin icazə vermədiyini xatırlatmaq lazım olduğunu qeyd edib: "Səbəb aydındır. Çünki tarixən bu torpaqlarda yaşayan Azərbaycan xalqına aid maddi-mədəniyyət vəhşicəsinə məhv edilib.
 
Tarix elminin əsas istiqamətləri olan arxeologiya və etnoqrafiya ermənilərin Cənubi Qafqaz regionuna nə qədər yad olduğunu sübut etdiyi qədər Azərbaycan xalqının da bu regionun köklü sakini olduğunu bir o qədər sübut edir. Arxeologiya və etnoqrafiyadan əli üzülən erməni təbliğat maşını faşistlərə və irqçilərə xas formada DNT analiz metodu ilə özünü sübut etmək yolunu seçib”.
 
H.Hacıyev Ermənistan xarici işlər nazirinin çıxışı zamanı qeyd etdiyi "Naxıjevan”ın erməni siyasi mifologiyasının növbəti məhsulu olduğunu bildirib: "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Vilayəti Azərbaycanın tarixi dilbər guşəsi və bəşər sivilizasiyanın mərkəzlərindən biridir”. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM