Hollandiya ilə fərqimiz

09:20 | 30.09.2017
Hollandiya ilə fərqimiz

Hollandiya ilə fərqimiz

Azadə Balayeva 
 
Bu günlərdə iş arayışımla bağlı işə qəbul saytlarını dolaşarkən çox dəhşətli mənzərə ilə qarşılaşdım. İş təklif edənlər  heç kəsi  və heç nəyi  veclərinə belə almadan Azərbaycan Respublikasının Əmək Məcəlləsini uf demədən açıq-aşkar pozurlar. İnsanlara həftə ərzində  55, 60, hətta 78 saat iş təklif olunur. Özü də qəpik – quruş - 250-500 manat əmək haqqı müqabilində.  Hətta 300 manat maaşla insanı hər gün saat 9-dan 19-dək çalışdırıb ayda vur-tut 3 gün istirahət günü təklif edənlər də var.  Halbuki  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Amma indi bəzi sahibkarların ürəklərindən bəlkə də işçini  bütün 24 saatı da işlətmək keçər. Sadəcə  əməkdaşın səhhətinin buna yol verməyəcəyini düşünərək buna getmirlər.   Acınacaqlısı da odur ki, qanuna ziddi iş  təklifləri qəbul edilir. 

Qanun pozuntusu əsasən xidmət  və turizm sektorunda müşahidə olunur.   Sürücü, aşbaz, satıcı, ofisiant, xadimə kimi kifayət qədər fiziki enerji tələb edən işlərdə çalışan insanlar bu cür işverənlərin sayəsində demək olar ki, şəxsi həyatdan bütünlüklə məhrum olurlar. Həftədə yalnız bir gün nəzərdə  tutulan istirahət  günlərində də sanki sahibkar özünü düşünüb.  Həftə ərizində nəfəs dərməyən bu insanlar enerji toplamaq üçün cərəyana qoşulan elektron cihazlar sayaq istirahət günlərində də səhərki iş günlərinə enerji toplamaq haqqında düşünürlər. Bu insanlar  övladları ilə gəzməyə getmir, teatr, kino, əyləncə nədir, bilmir,  onsuz da qısa olan həyatda yalnız kimə isə sərvət qazandırmaqla,  özləri yaşamayıb başqalarını yaşatmaqla  ömürlərini yola verirlər.  Yəni, əməkdaşın şəxsi həyatı, rifahı sahibarı maraqlandırmır. Halbuki, son illər Avropada  insan faktoru önə çəkilməkdədir. Bir sıra ölkələrdə şirkətlər bir-birinin ardınca dörd günlük iş həftəsinə keçir. Bunu isə insanın  özünə, ailəsinə  daha çox vaxtının qalması məqsədləri  ilə izah edirlər. Başqa sözlə,  şirkət əməkdaşına dəyər  verir, yalnız öz cibini yox, işçinin rifahını da düşünür.  Hələ üç il əvvəl Beynəlxalq Əmək Təşklatı da dünya ölkələrinə dörd günlük iş həftəsinə keçməyi təklif edib.  Hazırda  avropalılar həftədə 35 saat işləyir. Hollandiya ən qısa iş həftəsinə – 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edib, orta işçinin iş günü 7 saat 30 dəqiqə təşkil edir. Təhsil səviyyəsinə görə dünyda birinci yerdə olan Finladyada da  həftəlik iş rejimi  35 saatdır. Birləşmiş Ştatlarda isə həftəlik iş rejimi 40 saat olsa da maraqlısı odur ki, özəl şirkətlər  bu iş vaxtını 35 saata endirib.  Yani,  bu şirkətlər Azərbaycanda  bəzi özəl şirkətlərdə olduğu kimi yalnız öz ciblərini güdərək işçini istismar etmək haqqında düşünmürlər.   Alimlər də müəyyən ediblər ki, iş saatının qısaldılması əməyin məhsuldarlığına təsir etmir. Məsələn, 8 saata 10 detal hazırlayan usta bu detalı 6 saata da hazırlaya bilir.

Və qayıdaq Azərbaycan reallığına. Yuxrıda adlarını çəkdiyimiz sahələr  istehsal yox, əsasən xidmət sahələri olduğundan aydın məsələdir ki, bu insanların xidmət göstərdikləri post müəyyən zaman müddətində boş qala bilməz. Belə olduğu halda bir nəfərə 10 saat müddətinə yüklənən vəzifə iki nəfər arasında bölünə, hər bir şəxsə  5 saatlıq  iş rejimi tətbiq oluna bilər ( təklif olunan 300 manatlıq əmək haqqı yalnız 5 saatlıq iş rejiminə adekvat ola bilər. 300 manat verib işçini 10 saat işlətmək onu istismar etməkdən başqa bir şey deyil. Amma 5 saatlıq işə görə bu məbləğlə müəyyən qədər razılaşmaq mümkündür. Həm də adam başqa bir yerdə də yarım gün iş tapıb ailəsini dolandırar).

Düşünmək olar ki, yeni yaranan müəssisələr qənaət məqsədilə Əmək Məcəlləsindən kənara çıxaraq insanları bu cür istismar edir və bu müvəqqətidir.  Amma maraqlısı odur ki, 6 günlük iş həftəsində gündəlik  9 – 11 saatlıq işlər təklif edən şirkətlər arasında bir neçə illik staja malk tanınmış şirkətlər də  var.  Bu biabırçı vəziyyəti aradan qaldırmaq üçün müvafiq dövlət strukturları, xüsusilə də bilavasitə vətəndaşların əmək hüquqlarının qorunmasına cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  özəl şirkətlərdə əmək münasibətlərinin hansı səviyyədə qurulmasına nəzarəti gücləndirməlidir. Bunun üçün ciddi təftiş işlərinə də ehtiyac yoxdur. Bu şirkətlər heç kəsdən çəkinmədən, açıq-aşkar qanunazidd şəkildə işçi qəbulu elan edirlərsə, demək bu məsələ əmək müqavilələrində də əksini tapır (əgər təbii ki, əmək müqailələri bağlanrsa). Yer gəlmişkən, 2014 – cü ildən tətbiq edilən Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi "qara mühasibatlığı” qismən aradan qaldırıb və bu sahədə kifayət qədər şəffaflıq yaranıb. Yəqin ki, iş saatları bu müqavilələrdə də öz əksini tapır və bu sahəyə cavabdeh şəxslər bu pozuntuları görməmiş deyillər. Ən azından bu elanlar əsasında monitorinqlər təşkil etmək, vəziyyəti yerində araşdırmaq olar. Amma indiyə qədər hər hansı şirkət rəhbərinin Əmək Məcəlləsinin məhz iş saatları ilə bağlı maddəsini pozduğuna görə cəzalandığını eşitməmişəm. Burada təbii ki, ilk növbədə müticəsinə  qanuna zidd iş rejimi təklifləriylə razılaşan vətəndaşlar özləri məsuliyyət daşıyır. Bu da onların əksəriyyətinin əmək hüquqlarını bilməmələrinin nəticəsdir. Bir daha xatırladıram ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Altıgünlük iş həftəsində isə  həftəlik norma 40 saat olduqda gündəlik iş  vaxtının müddəti 7 saatdan çox ola bilməz. Bu elementar hüquqları hər bir vətəndaşımız bilməli, bu hüquqlar əlifbayla birlikdə öyrədilməlidir. Hüququnu bilən şəxs çalışdığı yerdə haqqını da tələb etməyi bacarır. Uzaqbaşı nazirliyin qaynar xəttinə zəng vuraraq vəziyyətlə bağlı səlahiyyətli şəxsləri məlumatlandıra bilərlər.

İnsanların çıxılmaz vəziyyətindən, ehtiyac içərisində olmasından  sui-istifadə edənlərə gəldikdə isə artıq onlardan vicdan və ya insaf ummaq yersizdir. Vicdan ədaləti bərpa etməyə yetərli olsaydı bəşəriyyət qanunları düşünüb tətbiq etməzdi.
 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti