"Mursi kimi şəxsiyyətin, sabiq prezidentin edam edilməsi yer üzərində hakimiyyətin şərin əlində cəmləşməsinin daha bir sübutudur”.
Bu sözləri ANN.Az-a açıqlamasında hüquqşünas, politoloq Ələsgər Məmmədli deyib. O, keçmiş prezident Məhəmməd Mursi haqqında 16 may hökmünü şərh edərkən Misirdə hərbi çevriliş dövrünün davam etdiyini bildirib: "Mursinin öz dövlətinə, millətinə, xalqına qarşı heç bir sədaqətsizliyi olmayıb. Sadəcə orda xarici qüvvələrin təzyiqi nəticəsində bir qrup şəxs yenidən hakimiyyəti ələ keçirdi. Çünki İsrail-Misir münasibətləri gərginləşmişdi və İsrailə qarşı fikirlər, düşüncələr fərqli idi. Amma Misirin indiki hakimiyyəti demək olar ki, İsrail maraqları ilə hərəkət edir. Bu maraqları qısaca belə ifadə etmək olar: bir xalq 52 faiz səsçoxluğu ilə öz istədiyi rəhbəri ölkəsinə prezident təyin etmişdisə, İsrail kimi dövlət, eləcə də israilpərəst dövlətlər səsçoxluğu əldə edərək xalqının lider övladını edama məruz qoyur”.
Dünyanın bir çox ölkələrində qüvvədə olan edam hökmündən söz açan Ələsgər Məmmədli qərb dövlətlərində belə bir qanunun olmadığını xatırladıb: "Edam cəza növləri arasında ən qəddarıdır. Bu qəddar cəza növü qüvvədə olduğuna görə, məhkmədə sübuta yetirilən cinayətin müqabilində sabiq prezidentlərə hər hansı güzəşt edilməsi mümkün deyil. Çünki qanun qarşısında hamı bərabər olmalıdır”.
Sabiq prezident Hüsnü Mübarək haqqında verilən ömürlük həbs cəzasının ləğv edilərək bəraət almasını xatırladan politoloq hər iki şəxsin hakimiyyətdən salınmasında eyi qüvvədən istifadə edildiyini vurğulayıb: "Hüsnü Mübarəki devirən adamlar Məhəmməd Mursini də prezidentlikdən uzaqlaşdırıb həbs etdilər. Belə nəticə çıxarmaq olar ki, dolayısı ilə də olsa, Hüsnü Mübarək Mursidən öz qisasını aldı. Yəni Mursiyə ölüm hökmü oxunması fonunda Mübarəkə bəraət verilməsi, 40 il hakimiyyətdə olduğu müddətdə ölkəsini, xalqını ac-yalavac vəziyyətdə saxlayan birisi üçün bağışlanma hüququndan istifadə edilməsi hadisələrin eyni qüvvələr tərəfindən idarə edildiyinə bir işarədir”.
Ə.Məmmədli Mursi iqtidarının hakimiyyətdə qalmasını Qəzzadakı zülmün bitməsinə səbəb olacağını da qeyd edib: "Əgər bu şəxs devrilməsəydi, ölkədəki zülmə son qoyulacaq, eləcə də bütün müsəlmanların yaralı yeri olan Qəzza probleminin həllində əsaslı dönüş yaranacaqdı. Zamanla İsrailin embarqo qoymalarına, Misirlə əlaqələrin daha da genişləndirilməsinə, belə bir niyyətlərin səslənməsinə Mursi dəstək verməyəcəkdi”.
Dünya ölkələrinin Misirdəki hadisələrə tez reaksiya verməsi məsələsinə gəlincə, politoloq bunun səbəblərini belə açıqlayıb: "Misirin yerləşdiyi geo-siyasi mövqeyi elədir ki, dünyanın iqtisadi ticari yolların üzərində yerləşməsi, Hind okeanına yaxın olması bu ölkənin əhəmiyyətini birə on qat artırmış olur. Türkiyənin Misirdəki hadisələrə daha tez münasibət bildirməsi Ərdoğanın öz seçdiyi hakimiyyət üslubundan və islam ölkələrinə daha yaxın münasibət bildirməsindən asılıdır”
Misirin keçmiş prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmü çıxarılıb. Ölüm hökmü mayın 16-da keçirilən məhkəmə prosesində verilib. Cinayət işində keçmiş prezidentlə yanaşı "Müsəlman qardaşları” hərəkatının 35 üzvünün də adı keçir.
Məlumatda həmçinin qeyd olunur ki, Misir qanunvericiliyinə görə, ölkədə verilən bütün ölüm hökmləri baş müfti tərəfindən təsdiq edilməlidir. Yalnız bundan sonra məhkəmə yekun qərar vermək səlahiyyətinə malikdir. Yekun qərarın isə iyunun 2-də çıxarılacağı gözlənilir.
Qeyd edək ki, M. Mursi 2012-ci ildə prezident seçilib. Lakin o, 1 ildən bir qədər çox hakimiyyətdə qala bilib. 2013-cü ilin yayında ölkədə hərbi çevriliş baş verib. Çevrilişdən sonra M. Mursi və "Müsəlman qardaşları”nın bir çox lideri həbs edilib. Onların cinayət işləri üzrə çıxarılmış ölüm hökmləri artıq icra olunmağa başlayıb.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !