Bakıda I Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Açılış günü yaxınlaşdıqca paytaxt bütünlüklə ilk Avropa Olimpiadasının ab-havasına bürünür. Küçələrdə stendlərlər quraşdırılıb, eyni zamanda Milli Park yaxınlığında böyük olimpiada mağazası təşkil olunub. Yarışın rəsmi simvolları - Ceyran və Nar heykəlləri şəhərin küçələrinə xüsusi yaraşıq verir, maskotlar isə gəlib-gedənləri salamlayır.
Bakı sakinlərinin, eləcə də qonaqların daha çox sevdiyi dənizkənarı bulvarda oyun turnikləri quraşdırılıb və balacalı-böyüklü burada məşq etməyi, əylənməyi çox sevirlər.
Olimpiada mağasasında isə istənilən növ hədiyyələrə rast gəlmək mümkündür - fincanlar. maykalar, kepkalar, müxtəlif nov gəlinciklər, ceyran, nar heykəlcikləri. Burada üçrəngli bayrağımızın və Avropa Oyunlarının atributlarının sintezinə də rast gəlmək mümkündür. Maykaların üzərində həm bayrağımız, Azərbaycanın xəritəsi, eyni zamanda "Baku 2015" sözləri maraqlı formada həkk olunub.
Qeyd edək ki, yarışlar iyunun 12-də başlayacaq və 28-dək davam edəcək. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının qatılacağı gözlənilir.
Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.
Olympic Village (Atletlər Kəndi) Bakının Nizami rayonunda yerləşir. Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.
ANN.Az-ın fotomüxbirinin I Avropa Oyunları ilə bağlı hazırladığı növbəti fotosessiyanı təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !