"Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib
"Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan paytaxtında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında komissiyanın üzvü, baş prokuror Zakir Qaralov bildirib.
Baş prokuror qeyd edib ki, hadisə baş verəndən dərhal sonra ölkə başçısının göstərişi ilə istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb: "Baş vermiş bu ağır faciənin səbəblərini araşdırmaq üçün istintaq-əməliyyat qrupuna Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun ixtisaslı mütəxəssisləri cəlb edilib. Hadisə ilə əlaqədar həmin binaya vurulan üzlüklərin istehsalı ilə məşğul olan "Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Miryusif Mahmudov 2010-cu ildən bu işlə məşğul olmağa başlayıb və ona ilk uyğunluq sertifikatı da elə həmin il verilib”.
Z. Qaralov qeyd edib ki, "Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib və hər il həmin sertifikat yenilənib: "Həmin sertifikatda yazılıb ki, bu üzlüklər inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər. Ən əsas məsələ ondadır ki, bu işləri görən şirkət rayon İcra Hakimiyyəti ilə müqavilə bağlamadan fəaliyyət göstərib. Müəyyən edilib ki, müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Məlum məsələdir ki, bu işə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmalıdır. Bu layihələr Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır və nazirlik layihələndirməyə razılıq verəndən sonra bu işlər davam etdirilməlidir. Eyni zamanda ilkin baxış zamanı müəyyən edilib ki, binanın üzlənməsində tək bir materialdan istifadə olunmamalıdır, onların arasında izolyasiya materiallarından da istifadə edilməlidir. Təəssüf ki, bu materiallardan istifadə olunmayıb”.
Z. Qaralov həmçinin bildirib ki, əvvəllər də adıçəkilən şirkətin gördüyü işlər üzrə əlavə iki hadisə olub: "Birinci hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində baş verib. Həmin hadisə zamanı tələfat olmayıb. İkinci yanğın hadisəsi isə 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb”.
Baş prokuror deyib ki, şirkətin rəhbəri ifadəsində həmin materialları Türkiyədən aldığını bildirib: "Tərəfimizdən şirkətdə axtarış həyata keçirilib və bütün sənədlər götürülüb. Həmin kimyəvi materialların tərkibini araşdırmaq üçün Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutundan və Elmlər Akademiyasının Kimya İnstitutundan da mütəxəssislər cəlb edilib. Bütün hallarda ən başlıca məsuliyyətsizlik bu işlərin qeyri-qanuni aparılmasıdır. Artıq biz icra hakimiyyətində də günahkar şəxslərin dairəsini müəyyənləşdirmişik və həmin şəxslərlə bağlı da tədbirlər görüləcək. İstintaq-əməliyyat qrupu tərəfindən artıq 100-dən çox şahid dindirilib və müxtəlif ekspertizalar təyin olunub. Həmçinin hadisənin qəsdən törədilməsi fərziyyəsi üzərində də araşdırmalar davam etdirilir”.
Z. Qaralov bildirib ki, bütün günahkar şəxslərin qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək.
Prezident İlham Əliyev istintaqın nəticəsi barədə həm özünə, həm də ictimaiyyətə məlumat verilməsi barədə tapşırıq verib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !