“Əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaq”“Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmayıb. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçib”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Dövlət başçısı qeyd edib ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmayıb, durğunluq hökm sürüb: “Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaq. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar var, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaq. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləyib, vaxtı uzatmaq taktikasını seçib və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salıb”. Prezident İlham Əliyev Ermənistanda realist yanaşmaların üstünlük təşkil edəcəyi təqdirdə qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyişin ola biləcəyini bildirib: “Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaq. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial”. “Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bilmişik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcək”, deyə ölkə başçısı bildirib. Dövlət başçısı danışıqlar prosesində müsbət dəyişikliklərin olacağına ümid etdiyini bildirərək, beynəlxalq vasitəçilərin burada irəliləyişin olmasına çalışdıqlarını qeyd edib: “Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmayıb. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilib. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ var. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir”. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək: “Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcək. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq”. Hərbi gücün artığını xatırladan ölkə başçısı 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atıldığını qeyd edib: “Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaq. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcək”. Dövlət başçısı bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumların tənqidinə də toxunub: “Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıb. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaq. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcək”. Ölkə başçısı çıxışında həmçinin erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinə toxunub: “Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunub, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülüb. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlayıb və davam etdiriləcək”.ANN.Az