Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib.Bu barədə "Azərtac" xəbər verir.
Müraciətdə deyilir:
Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.
Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib.
Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub.
Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı namizədliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.
İqlim dəyişikliyi bütün qitələrdəki hər bir ölkəyə təsir edir. İqlim dəyişikliyinin Azərbaycana da mənfi təsiri vardır. Çaylarımızın suyu azalır, Xəzər dənizinin səviyyəsi aşağı düşür.
COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik.
Mən COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram.
Biz, həmçinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirəcəyik. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.
Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.
Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır.
Sağ olun".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !