İlham Əliyev Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

14:50 | 12.05.2015
İlham Əliyev Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

İlham Əliyev Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev mayın 12-də Türkiyə Respublikası baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan baş nazirin müavini Əli Babacan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırıb.

Əli Babacan qardaş Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşıdığını deyib. Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Əli Babacan yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın buna çox sevindiyini deyib. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirib. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu deyib.

Dövlət başçısı ölkəmizin bu mötəbər görüşə hazırlaşdığını və bununla bağlı bu gün Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunmasının və mərasimlərdə dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının iştirak etməsinin əhəmiyyətini məmnunluqla qeyd edib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM