İlham Əliyev: "Avropa liderləri heç vaxt mənə bir söz deməyib"

13:26 | 09.07.2014
İlham Əliyev: "Avropa liderləri heç vaxt mənə bir söz deməyib"

İlham Əliyev: "Avropa liderləri heç vaxt mənə bir söz deməyib"

"Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır.

 BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunun sübutudur. BMT-də bizim fəaliyyətimiz əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır". APA-nın xəbərinə görə, bunu Azərbaycanın diplomatik korpusunun V müşavirəsində prezident İlham Əliyev deyib. Prezident son vaxtlar KİV-də “beynəlxalq ictimaiyyət” sözünün çox işlədilməsindən və bu sözün bir qrup ölkələrə şamil edilməsindən təəssüfünü də ifadə edib: "Beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərib". Prezident digər beynəlxalq təşkilatlarda, həmçinin ATƏT və Avropa Şurasında da Azərbaycanın fəal olduğunu deyib: "Əfsuslar olsun ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə, heç bir nəticə hasil edə bilməyib". Prezident bildirib ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyası göndərib, məsələni tarazlaşdırmağa çalışıb: "Bunu necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb. Bütün şəhərlər, məscidlər, tarixi abidələr, qəbirlər dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə bilər?! Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Amma buna baxmayaraq, - yəni, həqiqətləri də tam şəkildə inkar edə bilmirlər, - bu missiyaların hesab edirəm ki, müsbət nəticələri olub". Prezident ATƏT Parlament Assambleyasının Bakıdakı toplantısında da Azərbaycanın öz sözünü dediyini xatırladıb. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında da fəaliyyətinin uğurlu olduğunu deyən ölkə başçısı bu təşkilatın dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial qətnamələr qəbul etdiyini xatırladıb. Ölkə başçısı diplomatlara bu təşkilata üzv ölkələrlə Dağlıq Qarabağ məsələsində daha sıx əməkdaşlıq etmək tapşırığı da verib:" Çünki Ermənistan müsəlman ölkələri ilə ikitərəfli münasibətlər qurmağa, ya da münasibətləri möhkəmləndirməyə çalışır. Burada bəzi hallarda məlumat qıtlığı onlar üçün imkanlar yaradır. Ancaq bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr, Ermənistan bu münasibətləri qurmaqda uğur qazanacağına inanmıram".  Hazırda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladan dövlət başçısı bu təşkilatdakı antiazərbaycan qruplaşmasının uzun illərdir fəaliyyət göstərdiyini də qeyd edib: " Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcək. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar var və heç kim bunu dana, inkar edə bilməz. Onların arxasında dayanan erməni lobbisidir. Çünki bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar". Prezident erməni lobbisinin nümayəndələrinin mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda da olduğunu vurğulayıb: "Onlar Azərbaycanı bir nömrəli hədəf seçiblər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?!" Ölkə başçısı AŞ PA-da Azərbaycana qarşı qərəzli mövqedə olan deputatların cavabının verildiyini də bildirib: " Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə də cavablarını vermişəm. Çünki bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün deyildir. Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir". AŞ PA-da ötən il Azərbaycana qarşı hazırlanan qərəzli məruzənin iflasa uğradığını xatırladan prezident deyib ki, məruzəni təqdim edən deputat da biabır olub: "Avropa Şurası Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, bizim böyük qələbəmizdir. Ona görə, biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik. Bilirəm ki, son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini, əlbəttə, həm incidir, həm də ki, müəyyən dərəcədə narahat edir. Mənə gələn məlumatlar və suallar ondan ibarətdir ki, nə üçün biz bu qədər ədalətsizliyə cavab verməməliyik?! Biz cavab veririk". Prezident bildirib ki, Azərbaycan Avropa siyasətini prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında saxlayır: " Əgər biz oradan-buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək, hesab edirəm ki, bu, düzgün olmaz. Çünki mahiyyət etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz var. Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. İkitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt! Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik". Prezident deyib ki, ölkə hər bir əsassız ittihama cavab verməlidir və verir də: "Ancaq bu məsələ bizi ümumi hədəfdən döndərməməlidir. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir".  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM