İlham Əliyev: “Təzyiqlərə və təxribatlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edib”

17:28 | 12.10.2015
İlham Əliyev: “Təzyiqlərə və təxribatlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edib”

İlham Əliyev: “Təzyiqlərə və təxribatlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edib”

"Bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
 
Dövlət başçısının sözlərinə görə, bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. O qeyd edib ki, ilin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.
 
Azərbaycan prezidenti sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən dövlət başçısı xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyən prezident İlham Əliyev qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.
 
Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib. Prezident həmçinin "Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görüldüyünü, "Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırıb.
 
Prezident İlham Əliyev kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini önə çəkib. Birinci Avropa Oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.
 
Prezident İlham Əliyev "Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlarını verib, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM