İlham Əliyev "vergi amnistiyası" qanununu təsdiqlədi

19:19 | 12.01.2017
İlham Əliyev

İlham Əliyev "vergi amnistiyası" qanununu təsdiqlədi

Prezident İlham Əliyev "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunu təsdiqləyib.
 
"Report"un məlumatına görə, sənəd Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə imzalanıb.
 
Maddə 1. Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi
Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Maddə 2. Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının tənzimlənməsi
Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Bu qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
 
vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar–fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
 
vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
 
Maddə 3. Yekun müddəa
Bu Qanunun müddəaları vergi ödəyicilərinin bu qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.
 
Maddə 4. Qanunun qüvvəyə minməsi
Bu qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti