Avtobus parkının
yerli istehsal hesabına təmin edilməsi məqsədilə Azərbaycan hökuməti Çinin "BYD Company Limited”
(BYD) şirkəti ilə çərçivə sazişi imzalayıb. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
.
Sazişi iqtisadiyyat nazirinin
birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru
Tien Çunlon və "Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov
imzalayıblar.
Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını,
onlara xidmətin göstərilməsini, Azərbaycanda istehsalın qurulmasını və
lokallaşlaşdırılmasını nəzərdə tutur.
"Bu il
Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim
Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29)
ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə
mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır", - hökumətin bəyanatında bildirilib.
Saziş
çərçivəsində BYD şirkəti Azərbaycana 60 milyon dollar investisiya qoymağı planlaşdırır.
"Şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin,
kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin,
elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik
enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq
planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən ümumilikdə təqribən 60 milyon
ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik
mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək
şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus
istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal
hesabına ödəniləcək", - Nazirlər Kabineti bildirib.
"BakuBus” MMC BYD şirkətindən
160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı
alacaq. Avtobusların 2024-cü il oktyabrın 31-ə kimi mərhələli şəkildə Bakıya gətirilməsi və marşrut
xəttinə çıxarılması planlaşdırılır.
BYD ilə əməkdaşlıq çərçivəsində
2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli
şəkildə lokallaşdırılması planlaşdırılır.
Lokallaşdırılmanın 2030-cu ilədək
avtobusların ümumi maya dəyərinin 40%-ni təşkil etməsi nəzərdə tutulur. Layihə
ilə bağlı müqavilənin bu ilin sentyabrında imzalanması gözlənilir.
Azərbaycanda elektrik avtobuslarının
istehsalı layihəsində "Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak
edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı "SARDA Group”
şirkətlərinə məxsus "Electrify Azerbaijan” MMC- çıxış edəcək.
Çinin BYD şirkəti tərəfindən
Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli
avtobusların istehsalına ilkin olaraq 34 milyon dollar investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və
ixrac imkanları nəzərə alınmaqla illik istehsal həcminin 500 ədəd olacaq.
Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması
planlaşdırılır.
1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni elektrik avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət
avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və
dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı
aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !