İraq türkmənləri “Yeni Müsavat”a danışdılar; Kərkükdə sakitlikdir...İraqda terror aktları səngimək bilmir. “İraq və Şam İslam Dövləti” (İŞİD, təzə adı “İslam Dövləti” - İQ) qruplaşması tərəfindən mühasirəyə alınmış Sincar şəhərində yaşayan 40 mindən çox yezidin (yezidi kürdü) yarısı kürd peşmərgələrinin dəstəyi ilə xilas ola bilib. Lakin qalan 20 min yeziddən bir neçə mini acından və susuzluqdan ölüb, habelə İŞİD silahlıları tərəfindən güllələnib və ya diri-diri basdırılıb.Virtualaz.org saytı “The Guardian”a istinadən xəbər verir ki, İŞİD-in “şeytana sitayiş etməkdə” günahlandırdığı yezidlər xilas olmaq üçün dağ aşırımları ilə, ağlasığmaz dərəcədə çətin yollarla Suriyaya keçiblər. Ordan isə İraqın Ərbil şəhərinə çatıblar. Orada kürd rəsmiləri yezidlərə müvəqqəti sığınacaq verib, onları aclıqdan xilas etmək üçün yemək paylayıb. Qəzet yazır ki, əgər ABŞ hərbi təyyarələri İŞİD dəstələrinə hava zərbələri endirməsəydi, silahlılar xilas olmağa can atan yezidlərin hamısını qıra bilərdi. Bölgədəki son vəziyyət haqda isə Ərbildə yaşayan türkmənlər “Yeni Müsavat”a danışıbar. Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin sədri Əsəd Ərbilin sözlərinə görə, Ərbil ətrafında vəziyyət çox ağırdır, şəhər ətrafında fasiləsiz döyüşlər gedir: “Amma bir çox yerləri peşmərgə və kürd əsgərləri geri ala biliblər. Xeyli sayda İŞİD ölüsü və əsiri var”.Türkmən yazar qeyd etdi ki, İŞİD kim şiədirsə qətlə yetirir: “Bundan başqa, kürdləri və xristianları əsir alır, öz əsirləri ilə dəyişirlər. Sadəcə, xalq qorxusundan susub, yoxsa heç kəs İŞİD-in fəaliyyətindən razı ola bilməz. Hər ölkədən azı 100 adam İŞİD-ə qoşularaq İraqa gəlib. Bu adamların islama, dinə heç bir aidiyyəti yoxdur”. Əsəd Ərbil Mosuldakı durumdan da danışdı: “Hələ ki, normaldır, sakitlikdir. Mosulun geri alınması üçün böyük planlar var. İraq və peşmərgə gücləri tərəfindən hazırlıqlar gedir”. “Türkmən Reform” radiosunun rəhbəri Riyaz Dəmirçi isə Ərbildə hər şeyin nəzarət altında olduğunu, təhlükəsizliyin təmin edildiyini deyir: “Ərbilə yaxınlaşmaq istəyən İŞİD qüvvələrinin böyük hissəsi məhv edilib, qalanlar isə şəhər ətrafındadırlar, döyüşlər davam edir. Onlar da qaçırlar. Kərkükdə isə sakitlikdir, ora peşmərgə nəzarət edir. Ancaq Mosulu da peşmərgələrin sayəsində boşaldacaqlar, İŞİD başını götürüb qaçmalı olacaq”. Dəmirçi İŞİD silahlılarının Mosulda zorla evlərə girdiklərini də açıqladı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !