İsraildə əslən azərbaycanlı olan yeddi nəfər İranın xeyrinə casusluğa görə həbs olunub

18:15 | 21.10.2024
İsraildə əslən azərbaycanlı olan yeddi nəfər İranın xeyrinə casusluğa görə həbs olunub

İsraildə əslən azərbaycanlı olan yeddi nəfər İranın xeyrinə casusluğa görə həbs olunub

Əslən azərbaycanlı olan yeddi İsrail vətəndaşı İranın xeyrinə casusluqda ittiham olunur. Bu barədə oktyabrın 21-də ŞABAK - İsrailin əks-kəşfiyyat idarəsi məlumat yayıb. Casusların cinayətkar fəaliyyəti iki ilə yaxın davam edib. Bu müddət ərzində pul müqabilində 600 tapşırıq yerinə yetirilib. Şübhəli şəxslər hərbi bazaların, o cümlədən oktyabrın 1-dəki hücum zamanı zərbə endirilən bazaların şəkillərini çəkiblər.

Bütün şübhəli şəxslər Hayfanın və ölkənin şimal hissəsinin sakinləridir. Onlar arasında fərari əsgər və iki nəfər yetkinlik yaşına çatmamış şəxs var. Məhkəmə yetkinlik yaşına çatmış beş şübhəli şəxsin adlarını açıqlayıb - Əziz Nisanov, Aleksandr Sadiqov, İqal Nisan, Vyaçeslav Quşin və Yevgeniy Yoffe. Yetkinlik yaşına çatmamış iki nəfərin adı açıqlanmayıb. Bütün şübhəli şəxslər dövlətin təhlükəsizliyinə qarşı cinayətlərdə ittiham olunurlar.

Repatriantlar digər əməllərlə yanaşı, ordu bazalarının, o cümlədən İsrail HHQ-nin Nevatim və Ramat-Daviddəki bazalarının və Tel-Əvivdə "Kiriya" baş qərargah kompleksinin şəkillərini çəkməkdə və onlar haqqında məlumat toplamaqda şübhəli bilinirlər.

Şübhəli şəxslər "Dəmir günbəz" komplekslərinin quraşdırıldığı yerlər haqqında məlumat toplayıblar. Bundan başqa, onlar öz kuratorlarından strateji obyektlərin, o cümlədən "Qolani" briqadasının təlim bazasının işarələndiyi xəritələri alıblar. İstintaqın məlumatına görə, işin fiqurantları toplanan məlumatları İrana ötürüblər.

ŞABAK iki ay əvvəl təhqiqata başlayıb, bütün şübhəli şəxslər isə saxlanılıblar. Prokurorluq ittiham aktını bu həftə təqdim edəcək. Təqsirləndirilən şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilərlər.

Şübhəli şəxslərin iki iranlı kuratorun göstərişi ilə hərəkət etdikləri və bunun müqabilində yüz minlərlə şekel aldıqları bildirilir. Pul vəsaiti nağd olaraq və ya kriptovalyuta şəklində verilib. Nağd pulu onlara İsrailə gələn üç Rusiya vətəndaşı verib.

İran ballistik raketlərin böyük hissəsini məhz şübhəli şəxslərin haqqında məlumat verdikləri obyektlərə atıb. Onlar Tehranın vurulmuş zərbənin miqyasını başa düşməsi üçün iki dəfə - İranın hücumundan əvvəl və sonra orduya məxsus obyektlərin şəkillərini çəkiblər.

Bütün saxlanılan şəxslərin bir-biri ilə qohumluq əlaqələri var, şübhəli şəxslər arasında birlikdə casusluq edən ata və oğul da var.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM