İstehlakçı hüququ: Alınan mallar geri qaytarıla bilər

13:07 | 22.01.2015
İstehlakçı hüququ: Alınan mallar geri qaytarıla bilər

İstehlakçı hüququ: Alınan mallar geri qaytarıla bilər

Əvvəllər bəzi ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır” sözləri yazılmış lövhələrə tez-tez rast gəlirdik.

Aidiyyəti dövlət qurumlarımın müdaxiləsindən sonra bu cür "bidirişlərlə” çox az hallarda qarılaşsaq da, "köhnə ənənələri” davam etdirən ticarət obyektləri hələ də "tapılır”. Belə ki, mağazalardan alınan malların keyfiyyəti alıcıları qane etmədikdə, qüsurlar aşkar edildikdə həmin malları geri qaytarmaq ciddi problemə çevrilir. Belə ki, satıcı malın başqası ilə əvəz edilməsi, geri qaytarılması tələbi ilə razılaşmadıqda istehlakçılar xoşagəlməz hallarla rastlaşırlar. İstehlakçılar isə öz hüquqlarını lazımi səviyyədə bilmədiyindən zərər çəksə də, vəziyyətlə barışmalı olurlar.

Qanun isə bizim – istehlakçıların tərəfindədir. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, istehlakçı müqavilə və ya digər qaydalarla aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının göstərilən tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.

Qanun hətta alınmış malda qüsur olmadıqda belə istehlakçıların maraqlarını müdafiə edir. İstehlakçı seçim edərkən səhv edə bilər. Bu hallarda Qanun səhvini düzəltmək üçün istehlakçıya imkan yaradır. Yəni, lazımi keyfiyyətli qeyri-ərzaq malının rəngi, fasonu, ölçüsü istehlakçıya uyğun gəlmirsə, yaxud başqa istehlak xassəsinə görə malı təyinatı üzrə istifadə etmək mümkün deyilsə, istehlakcı 14 gün ərzində alındığı yerdə malı dəyişdirə bilər. Lakin malı dəyişdirmək üçün Qanunla alıcının da öhdəlikləri müəyyən edilmişdir. Belə ki, dəyişdirilməsi üçün malın etiketi, yarlığı, qablaşdırılması pozulmamalı, əmtəə görünüşü qorunub saxlanılmalı, malın həmin satıcıdan alındığına dair sübutlar (kassa çeki, qəbz, zəmanət talonu və.s) olmalıdır.

Odur ki, hamımıza ən doğru yolu qanunlar göstərir.

Hüquqlarımızı öyrənək və tələb edək! Hüquqlarımız isə qanunla qorunur.//Modern.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM