Jurnalist: "Həbs olunmağımda Gədəbəy İH rəhbərliyinin rolu olub"

18:15 | 28.01.2021
Jurnalist:

Jurnalist: "Həbs olunmağımda Gədəbəy İH rəhbərliyinin rolu olub"

Anews.az xəbər portalının Gədəbəy rayonu üzrə bölgə müxbiri Zaur Qənbərov artıq 3 aydır ki, həbsdədir. Belə ki, Gədəbəy rayon məhkəməsi oktyabrın 29-da Zaur Qənbərovun 3,6 il azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Qərardan razı olmayan jurnalist Zaur Qənbərovun apellasiya məhkəməsi fevralın 4-nə təyin olunub. 

Jurnalistin həbsi barəsində kiçik xatırlatma: 

4 May 2020-ci ildə Zaur Qəmbərov sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. Şikayətlə bağlı araşdırma apardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb. Bu zaman özünü DSMF Gədəbəy şöbəsinin rəhbəri Elsun Xudaverdiyevin sürücüsü kimi təqdim edən İsfəndiyar Qələndərov (DSMF Gədəbəy rayon şöbəsinin rəhbərinin xidməti maşını olmadığından ona sürücünün niyə təyin olunduğu da sual doğurur - red.) otağa daxil olaraq jurnalisti nalayiq sözlərlə təhqir edir, onu təxribata cəkməyə çalışır. Bu zaman o, jurnalisti dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edir.

Dəhlizə çıxandan sonra İsfəndiyar Qələndərov DSMF Gədəbəy idarəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında jurnalisti təhqir etməkdə davam edir. Səsə gələn idarə rəisi Elsun Xudaverdiyev baş verənlərin jurnalist tərəfindən mobil telefona çəkildiyini görəndə telefonu onun əlindən zorla alaraq yerə çırpır və təpiyi ilə sındırmağa başlayır. Müxbirimiz telefonu götürmək istəyəndə isə ayağı ilə onun əllərinə zərbələr endirir.

Məsələ ilə bağlı jurnalist polis idarəsinə şikayət ərizəsi versə də Gədəbəy rayon polisi bu əizəyə baxmır.Amma Elsun Xudaverdiyevin şikayət ərizəsi əsasında dərhal jurnalist barədə Cinayət Məcəlləsinin xuliqanlıq etməni nəzərdə tutan maddəsi ilə cinayət işi qaldırılır. Həmin ərizədə jurnalistə faktiki xəsarətlər yetirmiş Elsun Xudaverdiyev iddia edir ki, əslində jurnalist idarənin işini pozub, telefonunu özü sındırıb və əlini masaya vuraraq özü özünə xəsarət yetirib. Elsun Xudaverdiyevin tabeliyində olan əməkdaşlar da rəislərinin sözunu təsdiqləyiblər. Şahidlərin fərqli ifadə vermələrinin nə istintaq orqanları, nə də məhkəmədə şübhə doğurmaması bu işin sifarişli xarakter daşıması qənaətinə gəlməyə imkan verir.

Zaur Qəmbərov həm polis, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli saymadığını və peşə fəaliyyətinə görə, şərləndiyini bildirib.

"Mən Gədəbəy rayon icra başçısı İbrahim Məmmədovun sifarişi ilə tutulmuşam. Buna səbəb isə icra başçısının yol verdiyi pozuntularla bağlı əlimdə xeyli sayda audio və video materialları açıqlamağım olub”, - deyə jurnalist məhkəmədə bildirib.
 
Zaur Qənbərov qeyd edir ki, onun həbsində nazir Sahil Babayevin də rolu olub: "Mənim icra başçısının çox böyük qəzəbinə səbəb olan yazım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon şöbəsi barədə idi. Həmin şöbəyə gedərək adı şöbədə işçi olaraq rəsmiləşmiş, amma özü başçının qara pullarını yığmaqla məşğul olan başçının bibisi oğlu Taleh Mövla oğlu Məmmədovu axtardım. Onun hansı masada oturduğunu, hansı kəndlərin pensiya məsələsinə baxdığını soruşdum. Nə Taleh  Məmmədovu gördüm deyən oldu, nə də hansı işi gördüyünü bilən. Mən də rastlaşdığım vəziyyəti olduğu kimi ictimailəşdirdim. Fikirləşdim ki, yəqin, nazirliyin Gədəbəy şöbəsinin müdiri başçıdan asılıdır deyə Taleh Məmmədovun işə çıxmamasına göz yumur". 

Jurnalist deyir ki, o, yazıdan sonra nazirin bu məsələyə həssas yanaşacağını düşünüb: "Nə gizlədim, düşünürdüm ki, bu məlumat ictimailəşəndən sonra Sahil Babayev bir tədbir görər. Amma əksinə oldu,  nazirlik qanunsuzluğu ört-basdır etdi. Hazırda isə qanunsuz həbsdəyəm. Həbsimdən bir qədər sonra DSMF Gədəbəy rayon şöbəsi ləğv edilərək Şəmkirdə yaradılmış regional idarəyə birləşdirilib. Aldığım məlumata görə həmin Taleh Məmmədov Regional İdarədə də yüksək maaşlı işə təyin edilib və yenə də işə gəlmir. İndi siz deyin, regional idarə də Gədəbəyin başcısına tabedir? Xeyr. Regional İdarənin rəisinə tapşırıq nazir tərəfindən verilir. Deməli, nazirlə başçını hansısa gizli münasibət birləşdirir və mən bu münasibətin güdazına getmişəm".

"Sual olunur: Şəmkirdə saysız-hesabsız işsiz gənclər is axtardığı halda Sahil Babayevin Taleh Məmmədova bu cür imtiyaz verməsinin səbəbi nədir? Öz anasına pensiya təyin etdirib, anasından qat-qat ağır xəstələrin əlillik dərəcələrini ləğv etdirən, onların şikayətini belə dinləməyən bir nazirdən başqa nə gözləmək olar ki? İndi şərlənərək həbs olunmağımdan çox, üzümə kimlərin duraraq məni həbs etdirməsi narahat edir. Müharibənin ilk günündən könüllü olaraq cəbhəyə getmək üçün müraciət etsəm də, barəmdə məhkəmə araşdırması aparıldığını əsas götürüb cəbhəyə aparmadılar. Amma üzümə duranların özləri, övladları müxtəlif yollarla cəbhədən yayındılar. Onların öz ailə üzvlərinə saxta pensiya təyin etdirdiklərini sübut etsəm də, Sahil Babayev heç bir tədbir görmədi. Bütün bunları yazaraq qanunsuz həbs olunmağımın kimlər tərəfindən hazırlandığını diqqətinizə catdırır və sizdən üzərimdə qurulmuş məhkəmə adlı saxta məzhəkəni diqqətdə saxlamağı xahiş edirəm”, - jurnalist bildirib. 

Jurnalistin vəkili Cavad Cavadov bildirdi ki, fevralın 4-nə təyin olunan apelasiya məhkəməsinin ilkin prosesi olacaq. Qanunla həmin məhkəmədə jurnalistin barəsində həbs qəti imkanə tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz oluna bilər. Yekun qərar isə növbəti proseslərdə çıxarılacaq. Bu isə təxmini bir – iki ay vaxt aparacaq prosesdir. Istənilən halda jurnalist özünü təqsirkar bilmir və mən də vəkili olaraq onun mövqeyini dəstəkləyirəm.

Cavadov onu da əlavə edib ki, jurnalistin ittiham prosesində guya 40 dəqiqə Zaur Qənbərov DSMF-də xuliqanlıq edib və oraları dağıdıb. "Əksinə isə həmin prosesdə jurnalistin özündə xəsarət izləri olub. Qarşı tərəf sübut üçün kamera görüntüsünü məhkəməyə təqdim etməyib. Sadəcə şahidləri var. Təbii ki, biz götüntüləri təqdim edəcəyik. Məhkəmə araşdırılmasından sonra isə yekun qərar veriləcək" – deyə vəkil əlavə edib. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə jurnalistin həbs olunması ilə bağlı bildirir ki, jurnalistin yazdığı yazıya görə həbs olunması heç bir halda doğru qərar deyil. "Biz bu məsələ ilə bağlı müəyyən araşdırmalar və danışıqlar aparmışıq. Mətbuat Şurası 2011-ci ildə diflomasiya ilə bağlı qanun layihəsi hazırlayıb. Həmin qanun layihəsində jurnalistlərin yazdığı yazıya görə həbs olunmasına dəyişikliklərin edilməsini təklif etmişik. Qanun müvafiq qurumlarda müzakirəyə çıxarılsa da hələ də təklif olaraq qalır". 

Məhkəmə hökmünün çıxarıldığı tarix birinci Qarabağ savaşı zamanına təsadüf etdiyindən jurnalistimizin həbsi ilə bağlı məlumat vermədik, gündəmi dəyişmək istəmədik. Amma onun yazılarında özünü əyri görən Gədəbəyli məmurlar bundan qayğılanmadı, jurnalistin həbsini təşkil etdilər.
 
Hətta müharibə vaxtı səfərbərliyə çağrılan jurnalist haqqında cinayət işi olduğuna görə, onu döyüşə getməkdən məhrum etdilər.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb