Bu gün, avqustun 1-də Prezident Adminstrasiyası qarşısında keçirilən aksiyada jurnalistlər təzyiqə məruz qalıb, onların peşə fəalliyyətini yerinə yetirməsinə əngəl yaradılıb. Bununla bağlı Meydan TV-nin qurumun önündə açdığı canlı yayımda görüntülər əks olunub.
Belə ki, Prezident Adminstrasiyasının əməkdaşları jurnalistlər Fatimə Mövlamlı, Aytac Tapdıq və Nərgiz Absalamovanın aksiya keçirən Zümrüd Yağmuru çəkməsinə icazə verməyib, telefonlarını almağa çalışıblar.
"Saxlanılmamışıq. Hücum oldu, canlıya imkan vermədilər, amma telefon özümüzdədir", - Aytac Tapdıq bildirib.
Nərgiz Absalamova PA əməkdaşlarının çəkilişə müdaxiləsi zamanı qolunun əzildiyini bildirir.
"Çəkilişi dayandırmaq üçün müdaxilə etdilər. Canlı yayımlardan da görünür ki, qolumu çox pis sıxdılar, telefonu verməyi tələb etdilər. Təzyiqlərdən sonra çəkilişi dayandırdığımı dedim, yalnız bundan sonra bir az sakitləşdilər. Daha sonra Aparata qalxmalı olduğumuzu bildirib "sizinlə işimiz var" dedilər. Lakin biz imtina etdik və getmədik. Çəkilişi silməyi tələb etdilər, canlı olduğunu deyəndə əlacsız qaldılar. Fəaliyyətimizi yerinə yetirərkən təhqir də olunduq", - jurnalist əlavə etdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə məsələnin araşdırılacağını bildirib.
Sərhədsiz Reportyorlar (RSF), Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq təşkilatlar ifadə azadlığının məhdudlaşdırılması, ölkədə azad və müstəqil medianın olmaması, tənqidi məqalələr yazan jurnalistlərin işinə maneələr törədilməsi və təhdid olunması kimi məsələlərə görə Azərbaycanı tənqid edir.Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !