Kababla balıq tutan qocanın nağılı - FOTOLAR

10:40 | 29.05.2015
Kababla balıq tutan qocanın nağılı - FOTOLAR

Kababla balıq tutan qocanın nağılı - FOTOLAR

Əvvəllər birlikdə çalışdığım, xətrini istədiyim iş yoldaşlarımdan birinin hərdən zarafatla "pulemyot" adlandırdığı fotoaparatımı götürüb səhər tezdən yola çıxdım. Məqsədim Milli Parkdan çox da uzaq olmayan, yeni salınmış bulvara gəlmək idi. Düşünürdüm ki, səhər tezdən kimisi sağlamlığına, kimisi həvəsinə, kimisi də ehtiyac üzündən tökülüşüb dəniz sahilinə və balıq tuturlar. Amma gözlədiyimin əksinə olaraq burada tək-tük balıqçı var idi. Daha sonra isə öyrənəcəkdim ki, bu adamlar heç də hansısa zövq, sağlamlıq xatirinə buraya gəlməyiblər. Dənizdən balıq tutan bu insanlar orada ömür itirirlər...
 
İlk diqqətimi cəlb edən qoca balıqçı oturacaqda oturmuşdu və evindən gətirdiyi yeməyini çox iştahla yeyirdi. Sonra tələm-tələsik yemək bağlamasını bağlayıb bayaqdan suya salladığı tilovunun yanına getdi və onu yoxladı. Bir şey çıxmadığını görüb deyinməyə başladı: "Eeee, olmadı ki bu...Səhərdən bir dənə olsun balıq tuta bilməmişəm. Görəsən necə eləyim ki, mənim də tilovuma gəlsinlər hə, qızım?” 
 


Qoca balıqçı bayaqdan onun hərəkətlərini müşahidə etdiyimi sezmişdi. Elə ona görə də mənə xitab etdi. Mən isə çiyinlərimi yuxarıya doğru çəkib hər hansı fikrimin olmadığını işarə elədim. 
 
Birdən qocanın gözləri işıldadı, görünür, ağlına daha orijinal və parlaq fikir gəlmişdi. Balıqçı cəld səhər evdən gətirdiyi və bayaq skamyanın üstünə qoyduğu bağlamasının ağzını açıb içindən nəsə götürdü və onu tilovun qarmağına ilişdirib yenidən suya atdı. Ətrafda hər kəs, elə mən də onun hərəkətlərini izləyir, hansısa izahat gözləyirdik. Bunu duymuş qoca balıqçı dedi: "Tilova kabab tikəsi ilişdirdim ki, bəlkə bu köpəy uşağı kabab iyinə gələlər”. 

 

Qoca balıqçının bu hərəkəti məni elə güldürdü ki, ömrümdə belə, özü də camaatın içində bərkdən güldüyümü xatırlamıram. Ətrafdakıların da gülüş sədası bir-birinə qarışmışdı. Balıq tutan digər yoldaşları da qoca ilə zarafatlaşmağa başladılar və xeyli güldülər. 
 



Elə bu zaman qəfildən qoca balıqçı sevinclə qışqırıb tilovunu sudan çıxartdı. Gözlərimizə inanmadıq. Onun tilovuna iki balıq birdən düşmüşdü. Qoca biz tərəfə baxıb göz vurdu: "Gördünüz də, bu köpəy uşaqları da kababın iyini göydə tutur. Nətəhər aldatdım onları...”


 

70 yaşlarında olansöhbətcil, dilindən ibratamiz kəlamlar əksik olmayan bu gülərüz insan yaşına, həyatına meydan oxuyur desəm, bəlkə də yanılmaram. Sözünə, söhbətinə doyum olmayan bu insan öz pozitivliyi, söhbətləri ilə onunla birlikdə balıq tutan yoldaşlarının da sevimlisidir. 
 


Qoca balıqçının fotolarını çəkib bir qədər ondan kənarlaşıram. Arxada hələ də onun balıqçı dostları ilə zarafat, deyib-gülmək səsləri gəlir. Şəklini çəkməyə icazə verməyən daha bir yaşlı kişi qoca balıqçı haqqında bunları deyir: "Elə görünməyinə baxmayın. Çoxumuz bura balıq tutub satmaq üçün gəlirik. Amma o, daha çox ehtiyac üzündən gəlir. Pensiyaçı adamdır, aldığı təqaüd nə dərmanlarına, nə də digər ehtiyaclarına bəs eləyir, ay qızım. Tutduğu balıqları kafelərə, restoranlara satıb gündəlik qazancını güclə təmin edir. Başqa nə edə bilər ki...”
 
Fərqanə Novruzova
 
Fotolar müəllifindir 


 

 
 

 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM