Gürcüstanın baş nazirinin müavini Kaxa Kaladze bir daha Gürcüstanın gələcəkdə də Azərbaycan və SOCAR şirkəti ilə əməkdaşlığını davam etdirəcəyini vurğulayıb.
Oxu.Az-ın apsny.ge-yə istinadən məlumatına görə, Kaladze bəyan edib ki, Azərbaycan qazının əvəz edilməsi barədə söhbət yoxdur.
Onun sözlərinə görə, söhbət ölkənin əlavə qaz həcminə ehtiyacı olmasından gedir.
"Söhbət əvəzetmədən yox, bu gün ölkəyə və bazara lazım olan əlavə həcmlərdən gedir. Mən sual verə bilərəm - əgər bizim barəsində danışılan təbii qazdan istifadə etmək imkanımız var idisə, onda nə üçün illər ərzində Rusiyadan əlavə həcmlər alınırdı?”.
Müflis olmuş siyasi partiyalar, siyasi fiqurlar bunu problem kimi təqdim etmək istəyirlər, guya ki, Gürcüstan Azərbaycanı digər təchizatçı ilə əvəz etmək istəyir. Bu, yalandır. Biz illərdir ki, Azərbaycan ilə əməkdaşlıq edirik, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”, - Kaladze bəyan edib.
Daha öncə Kaladze Gürcüstanın təbii qaza olan tələbatını Azərbaycanın ödəyə bilmədiyini bəyan etmişdi. Buna SOCAR Georgianın baş direktoru Mahir Məmmədov belə cavab vermişdi:
"Azərbaycan Gürcüstanın təbii qaza olan tələbatını demək olar ki, tam olaraq ödəyir”.
Onun sözlərinə görə, Gürcüstanın gündəlik qaza olan tələbatı 6,2 milyon kub metr olduğu halda Azərbaycan Gürcüstana gündə 6 milyon kub metr qaz çatdırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !