Kənan Yavuz: “Türkiyə hər zaman ən ucuz qazı Azərbaycandan alıb”

19:00 | 24.10.2015
Kənan Yavuz: “Türkiyə hər zaman ən ucuz qazı Azərbaycandan alıb”

Kənan Yavuz: “Türkiyə hər zaman ən ucuz qazı Azərbaycandan alıb”

"TANAP layihəsi digər əhəmiyyətli mənbələr olan İran və Rusiyadan asılılığı azaldacaq”

"Türkiyə hər zaman ən ucuz qazı Azərbaycandan alıb”.
 
"APA-Economics”in xəbərinə görə, bu sözlər "SOCAR Turkey Energy A.Ş"nin rəhbəri Kənan Yavuzun mətbuata açıqlamasında yer alıb. Təmsil etdiyi şirkətin bəzi ticarət əməliyyatları ilə bağlı cəmiyyətin məlumatlandırılmasına ehtiyac yarandığını deyən K. Yavuz bildirib ki, Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan SOCAR bütün fəaliyyəti və həyata keçirdiyi layihələr barədə cəmiyyəti daim məlumatlandırır: "SOCAR olaraq Türkiyə və Azərbaycan dövlətlərinin strateji ortaqlığı və qardaşlığı çərçivəsində 20 milyard dollar həcmində investisiya portfelini idarə edirik. Həyata keçirdiyimiz layihələr Xəzər dənizindən Avropaya qədər olan bölgənin ən böyük layihələridir. Şirkətimiz tamamilə Azərbaycana aiddir və Türkiyədə reallaşdırdığı layihələrin xüsusiyyətlərinə uyğun qurduğu ortaqlıqların bütün detalları həm dövlət, həm də əlaqədar qurumlarda mövcuddur”.
 
K. Yavuz  Azərbaycandan alınan təbii qaza görə Türkiyəyə 10 milyard ABŞ dolları həcmində zərər dəyməsi ilə bağlı fikirləri absurd adlandırıb: "2001-ci ildən bu günə qədər Türkiyə BOTAŞ vasitəsilə Azərbaycandan ümumilikdə 38 milyard kubmetr təbii qaz alıb və bu həcmdə mavi yanacağa görə ödənilən məbləğ 10 milyard dollardan aşağı olub. Türkiyənin 10 milyard dollar zərər etdiyi barədə iddialar riyaziyyat elminə ziddir. Qaz tədarükü ilə bağlı 2001-ci ildən imzalanmış müqaviləyə əsasən BOTAŞ hər zaman ən ucuz qazı Azərbaycandan satın alıb. Digər ölkələrdən alınan qaz üçün ödənilən məbləğlər bu həqiqəti bir daha ifadə etmək üçün yetərlidir. 2010-cu ildə Azərbaycan qazının bazar şərtlərindən çox aşağı bir qiymətdə qalması ilə əlaqədar olaraq Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq arbitraja getmə ehtiyacı duymadan anlaşma əldə edib və qiymət razılaşdırılıb. Azərbaycan və Türkiyə arasında təbii qaz alış-satış anlaşmasında "al və ya ödə” öhdəliyi isə müəyyən bir təslim ilində alınmayan qazın qarşıdakı illərdə alınmasının mümkünlüyü hüququna əsasən qüvvədə olub. Yəni, Türkiyənin Azərbaycandan almadığı qaza görə pul ödəməsi söhbət mövzusu deyil”.
  
K. Yavuz əlavə edib ki, 2010-cu ildə əldə edilən anlaşmadan sonra da Azərbaycan qazı Türkiyə üçün həm digər mənbələrdən ucuz, həm də daha etibarlı bir tədarük mənbəyi olaraq qalmaqdadır: "Azərbaycan qazı digər qaynaqlardan fərqli olaraq, heç bir zaman kəsilməyib və millətimizi ən çətin günlərdə daim isidib. Türkiyədə yaşayan heç bir vətəndaşımızın ağlına digər mənbələrdə olduğu kimi "görəsən, Azərbaycan qazı da kəsilə bilərmi?” sualı gəlməyib”.
 
K. Yavuz TANAP-ı Türkiyə tarixinin ən böyük enerji layihəsi adlandırıb və bu layihənin iki qardaş ölkənin iradəsi əsasında reallaşdırıldığını vurğulayıb: "TANAP iki qardaş ölkənin ortaqlığı ilə reallaşdırılır. 2000-ci illərin əvvəllərindən uzun müddət müzakirə olunan, təbii qaz, potensial tədarükçü və alıcılar arasında uzunmüddətli alış-satış anlaşması əldə edilmədiyindən "Nabucco” layihəsi həyata keçirilməyib. Bunun əvəzinə, Türkiyə və Azərbaycan TANAP layihəsini inkişaf etdirməyi qərara alıb”.
 
"SOCAR Turkey Energy A.Ş"nin rəsmisi TANAP-ın Türkiyə üçün iqtisadi səmərəsindən də danışıb. K. Yazunuz sözlərinə görə, TANAP vasitəsilə Türkiyə və Avropaya satılacaq qazın ikinci ən böyük ortağı Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkətidir: "Şahdəniz yatağından çıxarılacaq təbii qaz TANAP ilə Türkiyəyə və TAP ilə Avropaya daşınacaq. TANAP-ın 30%-i BOTAŞ-a aiddir. Enerji tədarükü təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir zamanda TANAP layihəsi digər əhəmiyyətli mənbələr olan İran və Rusiyadan asılılığı azaldacaq strateji əhəmiyyətə malik bir layihədir. Eyni zamanda, TANAP layihəsi Türkiyənin gedərək artan enerji ehtiyacını ödəyə bilməsi üçün qarşıdakı illərdə ehtiyac duyduğu əlavə qazı idxal edə bilməsi və istehlak mərkəzlərinə daşıya bilməsi üçün yeni nəql xətlərinin çəkilməsi zəruriliyini aradan qaldırıb və BOTAŞ təkbaşına milyonlarla dollarlıq yeni sərmayə yatırmaq məcburiyyətində qalmayıb. Bunun sayəsində BOTAŞ TANAP-ın nəqletmə gücünün 31 milyard kubmetrə çıxacağı qarşıdakı illərdə mövcud qaz alqı-satqısı anlaşmaları çərçivəsində alacağı əlavə 6 milyard kubmetr qazdan çox həcmdə, təxminən 21 milyard kubmetr qaz idxal etmək imkanına sahib olub. BOTAŞ ilə TANAP arasındakı qaz nəqletmə anlaşmasına uyğun olaraq BOTAŞ istismar dövründə daşıyıcı qismində hər il 6 milyard kubmetr qazı TANAP sistemi üzərindən nəql edərək Əskişəhərdəki çıxış nöqtəsində təslim alacaq və bunun üçün 1000 kubmetrə görə Ev Sahibi Hökumət Anlaşması ilə müəyyən olunmuş nəqletmə tarifi ödəyəcək. Bunun əvəzində BOTAŞ TANAP-ın illik 16 milyard qaz nəqletməsindən əldə edəcəyi daşıma gəlirindən 30%-lik hissəsinə uyğun olan miqdarı sərmayəçi olduğundan gəlir olaraq geri alacaq. Başqa sözlə, BOTAŞ sərmayəçi olduğundan nəqletməyə görə hökumətə ödədiyi vəsaitə yaxın olan bir məbləği geri alacaq. Boru xəttinin nəqletmə gücünün cüzi bir yatırımla əvvəlcə 24 milyard kubmetrə və sonradan 31 milyard kubmetrə çatacağı illərdə BOTAŞ-ın illik daşıma gəlirinin də iki qat artacağını nəzərə alsaq, BOTAŞ-ın bu işdən zərər etdiyi ilə bağlı iddiaları əsaslandırmaq üçün aparılan maliyyə hesablarının nə qədər mənasız olduğu aydın görünür”.
 
Bundan başqa, K. Yavuz deyib ki, TANAP layihəsi çərçivəsində BOTAŞ investor qismində əldə edəcəyi daşıma gəliri xaricində idxal etdiyi qazın topdan satışından da hər il milyonlarla dollar gəlir əldə edəcək. Eyni zamanda, Türkiyə nəql olunacaq qazın mavi yanacağın hər 1000 kubmetrinə görə 5,95 ABŞ dollar olmaqla, illik 95,2 milyon dollar vergi gəliri əldə edəcək. O qeyd edib ki, boru xəttinin çox önəmli bir hissəsi Türkiyənin mühəndislik və digər firmalarının iştirakı ilə inşa edilir və boru xətti inşaatında istifadə olunan polad boruların 80%-i yerli istehsalın payına düşür: "”Şahdəniz-1” mərhələsi çərçivəsində idxal edilən Azərbaycan qazının 1,2 milyard kubmetrlik hissəsinin satış hüququ dövlətlərarası anlaşma ilə şirkətimizə verilib. Şirkətimizin sahibi olduğu "Petkim”in və yeni inşa edilməkdə olan "STAR” zavodunun təbii qaza olan ehtiyacını fasiləsiz təmin etmək üçün yaradılan bu imkan ilə "Petkim” illik 500 milyon kubmetr qazı bu mənbədən istifadə edir. Zavodun inşası başa çatana qədər Türkiyə bazarına satılması üçün 700 milyon kubmetr həcmində mavi yanacaq ehtiyatı yaranıb. Zavod fəaliyyətə başlayana qədər bu həcmdə qazı sata bilmək üçün "Socar Gaz” şirkəti qurulub və bazarda təcrübəsi olan bir şirkət ilə ortaqlıq qərarı alınıb. Bu əməliyyatdakı ortağımız daha sonra öz təşəbbüsü ilə öz hissələri daxilində hissə satışı həyata keçirib. "SOCAR Gaz” şirkətinin bütün məlumatları qeydə alınıb və arzu edən hər kəs bu məlumatlarla rahatlıqla tanış ola bilər”.   
 
K. Yavuz nəticə etibarilə TANAP-ı hər tərəfdən Türkiyənin qazandığı bir layihə adlandırıb. O vurğulayıb ki, TANAP Türkiyənin enerji tədarükü təhlükəsizliyini və çeşidliliyini artıracaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM