Kənd təsərrüfatı məhsullarının istehsalı barədə SON RƏQƏMLƏR

17:54 | 12.08.2022
Kənd təsərrüfatı məhsullarının istehsalı barədə SON RƏQƏMLƏR

Kənd təsərrüfatı məhsullarının istehsalı barədə SON RƏQƏMLƏR

2022-ci ilin yanvar-iyulu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6391 milyon manat təşkil edib ki, onun da 2911,5 milyon manatı heyvandarlıq, 3479,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7%, bitkiçilik məhsulları üzrə isə 3,4% artıb. 
 
Cari il iyulun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2022-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1623,9 min hektar olmuş və əvvəlki illə müqayisədə 20,6 min hektar və yaxud 1,3 azalıb. Ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 7,3% artmış, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 2,5% azalıb.

Ölkə üzrə əkin sahələrinin 985,7 min hektarını və yaxud 60,7 %-ni dənli və dənli paxlalı bitkilərin, 125,3 min hektarını (7,7%) texniki bitkilərin, 140,3 min hektarını (8,6%) kartof, tərəvəz və bostan bitkilərinin, 372,6 min hektarını (23%) yemlik bitkilərin əkin sahələri təşkil edib.
 
985,7 min hektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5%) buğda, 386,3 min hektarını (39,2%) arpa, 30,5 min hektarını (3,1%) qarğıdalı, 11,8 min hektarını (1,2%) paxlalı bitkilər, 9,9 min hektarını (1%) isə digər dənli bitkilərin əkin sahələri təşkil etmişdir.
 
Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 1032,0 min hektar sahədən 922 min hektar payızlıq dənli bitkilərin sahəsi cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdır ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 93,5 %-nə bərabərdir. 101,3 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olmuş, 6 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilmiş, payızlıq dənli bitkilərin 2,7 min hektar sahəsi isə yem üçün saxlanılmışdır.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və avqust ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2831,0 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% az məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,5 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 3,8 min hektar qarğıdalı sahəsindən 21,8 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 677 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1% çox kartof, 1194,4 min ton (0,9% çox) tərəvəz, 388,7 min ton (1,8% çox) bostan məhsulları, 308,9 min ton (5,7% çox) meyvə və giləmeyvə, 7,8 min ton (0,7% çox) üzüm, 621,3 ton (21,9% az) yaşıl çay yarpağı, 2,9 min ton (0,1% çox) günəbaxan və 1,7 min ton (36,3% az) tütün yığılıb.
 
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyulunda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3% artaraq 317,1 min ton, süd istehsalı 1,7% artaraq 1284,4 min ton, yumurta istehsalı 4% artaraq 1165,1 milyon ədəd, yun istehsalı 1,7% azalaraq 14,8 min ton, barama istehsal 31% azalaraq 339,2 ton olunub. 2022-ci ilin yanvar-iyununda 90,2 min baş inək, camış və düyələr elit törədicilərin toxumları ilə mayalandırılmış və 56,6 min baş bala alınıb.
 
Cari ilin yanvar-iyununda tədarük edilmiş meyvə, meşə ağac və kol cinslərinin toxumlarının 99,6 %-i meşə ağaclarının toxumları (ondan 1,3 faizi iynəyarpaqlılar, 98,7 %-i enliyarpaqlılar), 0,1 %-i meyvə ağaclarının toxumları, 0,3 %-i kol cinslərinin toxumları təşkil edir.
 
2022-ci ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 422,0 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,4% çox vəsait sərf olunmuşdur. Bu vəsaitin 26,5 %-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 73,5 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 3136,4 min ədəd balıq körpələrinin 2502,6 min ədədi çəkikimilər, 578,8 min ədədi nərəkimilər, 55 min ədədi qızıl balıqlar olub.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM