ABŞ artıq yaxın vaxtlarda Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya iqtisadiyyatının bəzi sektorlarına qarşı sanksiyalar tətbiq edə bilər. Bunu ABŞ dövlət katibi Con Kerri "Wall Street Journal" qəzetinə müsahibəsində deyib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Kerri qəzetin müxbirinin Rusiya iqtisadiyyatına, eləcə də onun enerji, maliyyə və müdafiə sektorlarına snaksiyaların tətbiqinin mümkünlüyünə dair sualına cavab verərkən bildirib: "İndi biz bunlara [sanksiyalara] son dərəcə yaxınıq. Biz məhz buna doğru irəliləyirik".
Şənbə günü G7 ölkələri Rusiyanı Ukraynada gərginliyin azaldılması üzrə Cenevrə razılaşmasına əməl etməməkdə günahlandırıb və onun yeni sanksiyaların tətbiqi ilə hədələyib. Az sonra RF XİN bu ittihamların əsassız olduğunu, Kiyev hakimiyyətinin isə indiyədək Ukraynanın bütün regionlarının iştirakı ilə inklüziv konstitusiya prosesinə başlamaq üçün heç nə etmədiyini bəyan edib.
Dünən ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar sanksiyaların siyahısını genişləndirib, oraya daha 7 rusiyalını və 17 şirkəti əlavə edib. Beləliklə, bu siyahıya təxminən 50 Rusiya, Krım və Ukrayna siyasətçisi və sahibkarının adı düşüb.
ANN.Az