Azərbaycanda dərmanların qiymətinin tənzimlənməsi və aşağı salınması ilə bağlı bəzi addımlar atılacaq.
Bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Komitə sədrinin fikrincə, ölkədə dərmanların ucuzlaşması üçün bəzi problemlər həll olunmalı, ilk növbədə, dərmanların daxildə geniş istehsalı təşkil edilməlidir: "Azərbaycan bazarındakı dərmanların böyük əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu da təbii ki, özünü qiymətdə göstərir. Ona görə də ölkədə dərman istehsalının təşviq olunması üçün addımlar atılmalıdır. Azərbaycanda adicə yodu xaricdən gətirirlər. Halbuki onu Neftçalada da istehsal etmək olar. Bunun üçün orada lazımi baza var. Dərman istehsalı sahəsi ölkədə inkişaf etdirilməlidir. Bizim gözəl təbiətimiz var. Burada yüzlərlə dərman bitkisi bitir. Onlardan xeyli dərman hazırlamaq olar”.
H.Rəcəbli qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi münasibətlər genişləndikcə ortaya müəyyən nöqsanlar da çıxır. Buna baxmayaraq, bazar münasibətlərinin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən lazımi addımlar atılır: "Azərbaycanda aptek-dərman bazarı geniş vüsət almağa başlayandan sonra bu sahədə çoxlu eybəcərliklər üzə çıxdı. Sonra dövlət onların aradan qaldırılmasına başladı. Ümumiyyətlə, bu vaxtadək dərman bazarının, o cümlədən dərman bazarında qiymətlərin tənzimlənməsi ilə bağlı çoxlu işlər görülüb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, hazırda Azərbaycanda dövlət qeydiyyatında 4563 adda dərman var və onlar dövlət reyestrinə daxil edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !