"Torpaq Komitəsi öz nöqsanlarının qurbanı oldu" - Ekspert

14:40 | 06.02.2015

"Torpaq Komitəsi öz nöqsanlarının qurbanı oldu" - Ekspert

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasını müsbət addım olaraq qiymətləndirən ekspert həmin qurumda çalışan peşəkarların işsiz qalmayacağını düşünür: "Öz işlərini peşəkar səviyyədə yerinə yetirən işçilər çox güman ki, digər qurumlarda fəaliyyətlərini davam etdirəcəklər”
 
Prezident İlham Əliyevin sözügedən dövlət komitəsinin ləğv edilməsi və onun səlahiyyətlərinin digər nazirlik, eləcə də komitələr arasında bölüşdürülməsi haqqında fərmanı ANN.Az-a şərh edən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov xatırladıb ki, dövlət başçısı ötən ay keçirdiyi sonuncu konfransdakı çıxışı zamanı bu qurumda nöqsanların olduğunu demişdi: "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasının əsas səbəblərindən biri odur ki, bu komitənin fəaliyyətinin bir hissəsini Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirdirdi. Digər əsas səbəb isə prezident İlham Əliyev sonuncu çıxışında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işində bəzi nöqsanların olduğunu demişdi. Çox güman ki, nöqsanların çox olması belə bir fərmanın verilməsinə əsas olub. Yəni Torpaq Komitəsi öz nöqsanlarının qurbanı oldu”.
 
Nüsrət İbrahimov bildirib ki,  dövlət başçısının sonuncu fərmanına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əsas iş yükü Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə düşür: "Bu addımın atılmasının əsas mahiyyəti ondan ibarətdir ki, bundan sonra vətəndaşların da işi asanlaşacaq. Çünki əvvəl bir işi yerinə yetirmək üçün vətəndaş iki komitəyə müraciət edirdisə, artıq bu problem aradan qaldırıldı. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi artıq bir neçə ildir ki, Dünya Bankı ilə daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi üzərində çalışır. Demək olar ki, daşınmaz əmlakın katastrınında işini davam etdirir. Amma Torpaq və Xəritəçəkmə Komitəsi bu işdə ondan geridə qalırdı. Ola bilər ki, bu işlərin birgə, paralel aparılması, eyni zamanda vahid mərkəzdən idarə olunması üçün bu qurumlar birləşdirildi”.
 
Ekspert qeyd edib ki, ölkə başçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün səlahiyyətlərini Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verməyib: "Digər səlahiyyətlər aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi".
 
Orxan Aslanlı
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti