Ölkədə baş verən sonuncu devalvasiyadan sonra banklara dollarla kredit ödəyən vətəndaşların vəziyyəti daha da çətinləşib. Bu vəziyyətdən şikayətçi olanların sayı çox olsa da, son 2-3 ay ərzində banklar ödəyicilərdən dolların sonuncu məzənnəsi ilə ödəmələr tələb edirlər. Bəzi hallarda ödəyicilər bundan imtina edir, hətta ödəmələrini gecikdirir də. Bu isə həm banklara, həm də vətəndaşlara çox ziyandır. Hazırkı duruma aydınlıq gətirmək üçün Konstitusiya Məhkəməsi may 7-də yekun qərar qəbul edəcək.
Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar necə olacaq? Məhkəmənin qəbul edəcəyi qərar dollarla krediti ödəyənlərə xeyri olacaqmı? Məhkəmənin qərarı ya bankların, ya da dollarla kredit ödəyən vətəndaşların xeyrinə olacaq. Bu zaman Konstitusiya Məhkəməsi necə bir qərar qəbul etməlidirlər ki, heç bir tərəf zərər görməsin. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul ANN.Az-a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.
Ekspert ANN.Az-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsi hər iki tərəfdən olan şikayətlərə, problemlərə baxdıqdan sonra bu sahənin mütəxəssislərini dinləyib son qərarını çıxaracaq: "Bəzi ekspertlər bildirirlər ki, bu məsələ Mülki Məcəllədə açıq şəkildə izah edilməyib. Amma fikrimcə, bu Mülki Məcəllədə tam aydın şəkildə izah olunub. Dollarla kredit götürənlərin bank müqaviləsi ilə tanış olduqda görünür ki, bütün bankların müqaviləsi standart müqavilələrdir. Yəni həmin müqavilələrdə məzənnə barədə tam açıq şəkildə heç nə yazılmayıb. Bəzi bank müqavilələrində isə hətta fors-major hallarla bağlı o müqavilələrin heç birində bir cümlə belə qeyd olunmayıb. Amma bəzi müqavilələrdə bu halların olması ilə bağlı qeydlər göstərilib”.
Ekspert əlavə edib ki, Konstitusiya Məhkəməsinin vətəndaşların xeyrinə qərar çıxaracağına inamı yoxdur: "Konstitusiya Məhkəməsi qəbul edəcəyi qərar əvvəlki vəziyyətlə eyni olacaq. Yəni dolların yeni məzənnə ilə ödənilməsi haqqında qərar qəbul olunacaq. Konstitusiya Məhkəməsinin qərarı bizə vəziyyətdən çıxış yolunu göstərməyəcək”.
Bəs çıxış yolu nədir? Bu haqda danışan ekspert vurğulayıb ki, bu vəziyyətlə əlaqədar Mərkəzi Bank kommersiya banklarına verdiyi təlimatlar əsasında həyata keçirilə bilər: "Bu problemli məsələdən çıxış yolu kimi ən azından dollarla kredit götürənlərin vəziyyətini nəzərə alıb orta məzənnə dəyəri müəyyən edilə bilər. Bundan başqa götürülən kreditlərin müddəti bir azda artırıla bilər. Yox əgər Konstitusiya Məhkəməsi vəziyyətlə bağlı heç bir dəyişiklik etməsə, banklara dollarla kredit ödəyənlərin vəziyyəti daha da çətinləşəcək. Çünki dolların məzənnəsi sabit qalmır ki, kreditin məbləği də dəyişməsin. Bu səbəbdən həmin vətəndaşlar bu kreditlərə görə çox əziyyət çəkəcəklər. Belə olan halda da bəzi ödəyicilər kredit borclarını ödə bilməyəcək. Bu da banklarda çox ciddi problemlər yaradacaq. Onsuz da fevral ayında baş verən devalvasiya zamanı banklara maliyyə baxımdan çox böyük zərər vurub. Bu vəziyyət prosesləri daha da çətinləşdirəcək”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !