• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Fərhad Kərimovun xatirəsinə - FOTOLAR

Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
21.05.2025 21:00

1988-ci ilin sonlarında “Molodyoj Azerbaydjana” qəzetinin redaksiyasına yaraşıqlı idmancı cüssəli bir nəfər gəldi. Qəzetin redaktoru Nəcəf Nəcəfov olduqca tələbkar və demokratik adam idi. Gələnin materiallarına baxandan sonra  ona  müəllif kimi əməkdaşlıq etməyi təklif etdi.

Çoxlarından fərqli olaraq, yeni gələn oglan olduqca çalışqan idi və mütəmadi olaraq müxtəlif mövzularda yazılar gətirirdi. Redaksiyanın tapşırıqlarına durmadan əməl edirdi və heç birindən imtina etmirdi. 

Tezliklə bütün redaksiya bu alagözlü oglanın  adını  öyrəndi - Fərhad Kərimov. 
Onun çox ünsiyyətcil və zəhmətkeş olduğu üzə çıxdı ki, bu da onun yerini əvvəlcədən müəyyənləşdirdi. Qısa zamanda redaksiyada müxbir ştatına keçirildi.  

Lakin onun xarakterində başqa nəsə vardı ki, bu da az qala onu karyerasından edəcəkdi.

Fərhad vaxtaşırı redaksiyaya əlində süd paketlərilə gəlirdi, sonra isə harasa gedirdi. Bəzən telefonla zəng edir və kiminləsə bərkdən danışırdı və tez-tez eyni şeyi təkrarlayırdı: "Bir azdan gələcəm! Başqa bir şey lazımdır? Ancaq süd? Yaxşı!"

Təxminən yarım il sonra qəfildən gördük ki, redaksiyanın elanlar lövhəsində Fərhad Kərimovun işdən çıxarılması ilə bağlı redaktorun əmri var. Fərhad özü dilxor idi, danışmırdı. 

Nəcəf Nəcəfovun nüfuzu mübaliğəsiz idi, prinsipiallığı isə məsələnin artıq həll olunduğuna şübhə qoymurdu.

Məlum oldu ki, Fərhadın işdən çıxarılmasının səbəbi yaxınlıqdakı mağazanın satıcısı  ilə münaqişə etməsidir. Fərhad süd yoxdur deyib satmaq istəməyən satıcını vurmuşdu. Halbuki, mağazada süd vardı. 

Satıcı  Fərhadın  jurnalist olduğunu bilirdi və redaktorun adına ərizə yazmışdı.

Nəcəf Nəcəfovu yola gətirmək mümkün deyildi ki, belə xırda bir şeyə görə bir insanın karyerasına zərbə vurmaq olmaz. Toplantı oldu, demək olar ki, işçilərin hamısı redaktoru bu qədər sərt olmamağa razı salmağa çalışdı, lakin əmr divardan asılmışdı.

Nəcəf ilə dostluq münasibətlərimi nəzərə alaraq, mən də müdaxilə etməyə çalışdım, amma boş yerə. Ona görə də kiçik bir sirri açmaq lazım gəldi. 

"Bilirsən, südü kimə alırdı?", - mən soruşdum. 

"Öz uşağına", -  Nəcəf dedi.

"Xeyr, tez-tez öz puluyla Sara Tağıyevaya süd və çörək alır. Zeynalabdin Tağıyevin yeganə qızına. O təkdir,  yoxsulluq içində yaşayır. Fərhad demək olar ki, ona baş çəkən yeganə adamdır". 

İşdən çıxarılma haqda əmr ciddi töhmətlə əvəzləndi.

Stringer 

80-ci illərin sonlarında Qarabağ münaqişəsinin başlanması “Molodyoj Azerbaydjana” redaksiyasını siyasi mübarizənin ilk sıralarına cəlb etdi. 

Azərbaycanın maraqlarının qorunması ilə bağlı redaksiyanın prinsipial mövqeyi Moskvanı və yerli hakimiyyəti çox qıcıqlandırdı və Nəcəf Nəcəfovun redaktor postundan çıxarılması ilə nəticələndi. Onun ardınca biz də -  haqsızlıqla barışmaq istəməyənlər - redaksiyanı tərk etdik. 

Bu dövr ciddi iqtisadi tənəzzül, çatışmazlıq və inflyasiya ilə yadda qalır. İlk dəfə "stringer" sözünü o zaman eşitdik. Moskvada yerləşən dünya telekanallar ştatdankənar köməkçilər axtarırdılar və buna görə yaxşı ödəniş edirdilər.

Qarabağda qarşıdurmaların başlanması və xüsusən 1990-cı il yanvar hadisələrindən sonra stringerlərə tələbat artdı. 

Bu sətirlərin müəllifi Amerikanın CBS teleşirkəti üçün videomateriallar çəkənlərdən biri olub. Maddi çətinliklərlə üzləşən Fərhad da bu işlə məşğul olmaq istəyini gizlətmədi.

Bakıdakı mitinqlər və Qarabağdakı hadisələrlə bağlı ilk iki kaseti Fərhad üçün mən öz kameram ilə çəkdim və  WTN  (World Television News) şirkəti onları qəbul etdi. Farhadı bundan  sonra onu işə götürdülər və kamera verdilər.

Fərhad müstəqil işləməyə başladı və çalışqan olduğu üçün heç bir tapşırıqdan imtina etmədi. Beləliklə, 90-cı illərin əvvəllərindən başlayaraq dəfələrlə  Tacikistan, Çeçenistan, Dağıstan, Abxaziya və əlbəttə ki, Qarabağa getdi.

Tezliklə Reuters agentliyinə dəvət olundu, sonra isə Associated Press-in ştatlı əməkdaşı oldu. 
Fərhad böyük zəhməti sayəsində maddi vəziyyətini yaxşılaşdıra və  mənzil ala bildi. Münaqişə zonalarından, əsasən  Çeçenistandan olan materiallara tələbat onu tez-tez evdən ayırırdı. 1994-cü ilin sonlarında Fərhad Turan agentliyinə gəldi, öz planlarını bölüşdü. 

"Bax, müharibə şiddətlənir, çox təhlükəli olur, ön xəttə getməkdən imtina et", -  Çeçenistana növbəti səfərdən əvvəl mən ona dedim. 

"Az qalıb, bir neçə səfər qalıb, sonra Moskvaya köçəcəm, təhlükəli ərazilərə getməyəcəm", - o vəd etdi.
   
 Mart-may 1995-ci il

Tezliklə  Bakı özü də çox qaynar nöqtəyə çevrildi.  1995-ci ilin martında hakimiyyət və Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) arasında silahlı qarşıdurma baş verdi. 

XTPD-nin 8-ci kilometr qəsəbəsindəki bazasına  hücumun çəkilişi zamanı ümumi həmkarımız, eyni zamanda Reuters agentliyi üçün stringer kimi işləyən Adil Bünyatov həlak oldu. Adilin ölümü ilə bağlı Turan agentliyinin məlumatını eşidən Fərhad zəng elədi,  dostunun ölümünə inanmayaraq telefonda hönkür - hönkür ağladı. 
      
                              Çeçenistana son səfər

Fərhad Kərimov Cöhvər Dudayevin komandasının şəxsən tanıdığı operatordan biri idi. Ona Rusiya qoşunlarına müqavimət göstərən çeçen dəstələri arasında çəkiliş aparmağa icazə vermişdilər. Bu, onun işini unikal edirdi və çeçenlərin öz müstəqillikləri uğrunda  mübarizəsi, müharibənin gətirdiyi dağıntılar barədə dünya ictimaiyyətini məlumatlandırırdı. Bütün bunlar rusiyalı hərbçiləri çox qıcıqlandırırdı.

1995-ci ilin mayında Fərhad yenidən ön cəbhədə oldu və növbəti çəkilişləri etdi. Materialları Associated Press redaksyasına göndərmək  üçün Çeçenistandan Dağıstana getdi. Onun son çəkilişi qalırdı, sonra evə qayıdacaqdı...

Jurtnalistin Çeçenistanda ölümü barədə məlumat mayın 22-də İnterfaks agentliyində yayıldı. Əvvəlcə heç kim onun adını bilmirdi. Bir neçə gün sonra isə ən pis gözləntilər özünü doğrultdu. 
Fərhadın ölüm  şəraiti uzun müddət naməlum qaldı. Birinci çeçen müharibəsi başa çatdıqdan və Xasavyurtda müqavilə imzalandıqdan sonra çeçenlər öz günahını etiraf etdilər. 

Səhih məlumata görə, Rusiya tərəfi öz agenturası vasitəsilə şayiə yaymışdı ki, Fərhad onların adamıdır və çeçenlərin döyüş mövqelərindən çəkilişləri Moskvaya ötürür. Bu, Fərhadı düşmən hesab etmək üçün yetərli idi.

Jurnalistinin ölümü haqda informasiyanın İnterfaks agentliyinə Rusiya FTX-dən daxil olması faktı da bunu təsdiq edirdi. 

Fərhad mayın 21-də Nojay-Yurt rayonunun Sayasan kəndi (Qroznıdan 44 km.) yaxınlığındakı meşə massivində naməlum şəxs tərəfindən güllələnib və mayın 22-də  yerli sakinlər tərəfindən tapılıb. Onu Nojay-Yurt rayonunun Şali kəndində dəfn ediblər.

Üç il sonra, hərbi əməliyyatlar dayandırıldıqdan sonra Fərhadın cənazəsini Azərbaycana gətirib Xırdalan qəbiristanlığında atasının yanında dəfn etmək mümkün oldu.
  
                                30 il sonra

  22 may 2025-ci ildə Fərhad Kərimovun ölümünün 30-cu ildönümü tamam olur. O, özündən sonra böyük videoarxiv qoyub.  Fərhad Kərimov və Adil Bünyatov Xalid Əsgərovla birlikdə  Turan TV-nin - Turan agentliyinin televiziya bölməsinin -  iştirakçıları idilər. 90-cı illərin əvvəllərində onların videoreportajları  təkcə xaricdə yox, həm də AzTV-də yayımlanırdı. Lakin Fərhad və Adilin ölümü ilə Turan TV-nin fəaliyyəti dayandırıldı.

Bu gün, bu cəsarətli üçlüyün bir çox videomaterialı internetdə yayılır, ancaq onların müəllifliyi göstərilmir. Çox müəllifin taleyi belədir. Plagiat hər zaman və hər yerdə olub. 

Bu müəlliflərin işləri Azərbaycanın yeni tarixinin tərkib hissəsidir və təkcə bu deyil. Kəlbəcərin ermənilər tərəfindən işğalına,  Zəngilan, Cəbrayıl və Füzulidən olan qaçqınların Araz çayını keçməsinə dair və bir çox digər məhşur kadrlar Fərhad Kərimov, Adil Bünyadov və Xalid Əsgərov cütlüyünün işidir.

1993-cü ilin yanvarında Kəlbəcərdə Murov dağ aşırımında Fərhadın çəkdiyi kadrlara baxın  və Birinci Qarabağ Müharibəsinin ən ağır mərhələlərindən birini qiymətləndirin. Bu kadrlar Fərhadın ailəsinin sayəsində saxlanılıb və Dalan filmində onlardan istifadə edilib:

//www.youtube.com/watch?v=6wp-BeL8mNM&t=1627s

 Dəyərmiydi?

Kimdəsə belə təəssürat yarana bilər ki, jurnalistlərin qaynar nöqtələrdə ölümünün səbəbi qazanc əldə etmək istəyidir.

Təəssüf ki, jurnalist peşəsi özü-özlüyündə çox təhlükəlidir. Gerçəyi ortaya çıxarmaq, həqiqəti göstərmək, incik insanlara kömək etmək səyləri cəzasız qalmır.

Hər dəfə Qarabağdan qayıdanda Fərhadın necə narahatlıq keçirdiyi yaxşı yadımdadır. Ölümü və dağıntıları, kömək istəyən qaçqınları,  ağlayan uşaqları görmək..

1992-ci il fevralın əvvəlində Ağdama hücumlar artanda biz birlikdə orada idik. Tezliklə mən qayıtdım. Bir neçə gündən sonra Fərhad Ağdamın o vaxtkı icra hakimiyyətindən zəng edərək məndən xahiş etdi ki, Prezident Aparatına, Müdafiə Nazirliyinə və başqa harasa zəng eləyib Ağdamda vəziyyətin ağır olduğunu bildirim. "Burada heç kim yoxdur, bina boşdur, izah etdilər ki...".

O, sözünü bitirə bilmədi, çünki yerli sakinlərdən biri dəstəyi onun əlindən alıb qışqırmağa başladı ki, adamlar müdafiəsiz qalıblar, qoy, rəhbərlik bir şey eləsin və s.
Çox zaman biz jurnalistlərə qarşı oxşar aqressiv münasibəti hərbçilər də göstərirdilər. Onlara elə gəlirdi ki, itkilərimizin qeydə alınması  ictimai rəyə psixoloji təsir göstərir və çaxnaşma toxumu səpir.

Ölkə üçün sənin də onlardan  az narahat olmadığını və öz xalqına qarşı təcavüzün nəticələrini dünyaya göstərmək səylərini izah etmək mümkün deyildi. Bu dəqiqələrdə heç kim pul haqqında düşünmürdü.

Stringer işi təkcə cəsarət yox, həm də böyük əmək tələb edirdi. O illərdə internet yox idi və çəkilişlərin olduğu bütün kasetləri Moskvaya şəxsən aparmaq lazım idi. Yəni, cəbhədən qayıdıb, təyyarəyə minib Moskvaya redaksiyaya getmək və digər reys ilə geri qayıtmaq lazım idi. Bütün bunlar şəxsi vəsait hesabına başa gəlirdi.

Fərhadın kağıza yazılmış adlardan ibarət uzun siyahısı vardı. Kimə və nə qədər borc pul verdiyini qeyd edərdi. Uğurlu operator olduqdan sonra istər-istəməz donora çevrildi. 90-cı illərin aclıq dönəmində qohumlarının və tanışlarının çoxu ondan borc pul istəyirdilər və o imtina etməzdi.

Fərhad Kərimov ölümündən bir il sonra tarixdə ilk dəfə Rori Pek (Almaniyanın ARD telekanalının operatoru, 3 oktyabr 1993-cü ildə Moskvada Ostankino Televiziya Mərkəzinə hücumun çəkilişi zamanı öldürülüb) adına beynəlxalq jurnalistika mükafatının ilk laureatı oldu. 
“Fərhad mükafata çeçen münaqişəsinin müstəsna  və qətiyyətli şəkildə işıqlandırılmasına,  1994/95-ci illərin qışında Rusiya artilleriyasının total və yerüstü hücumu zamanı Qroznıda çəkilişlərə görə layiq görülüb” – Rori Pek fondunun xəbərində deyilir. 
Fərhadın adı Vaşinqtonda Associated Press agentliyinin ofisində stenddə və Arlinqton qəbiristanlığında xatirə lövhəsinə həkk olunub. Bakıda isə bu adı, sadəcə,  onun yaxın qohumları və köhnə həmkarları xatırlayırlar.

Aşagıda Fərhad və onun həmkarları ilə bağlı YouTube-da saxlanılmış üç video. 90-cı illərin ortalarındakı bu reportajlardan birinin müəllifi tanınmış jurnalist Çingiz Sultansoydur. 
Baxışların sayını  söyləmək utancvericidir - 382, 235 və 154. Halbuki, bu adlar jurnalistikanın tədris edildiyi auditoriyalarda səslənməli, eləcə də bu peşeyə dair dərsliklərə salınmalıdır. 

Bax belə.


//www.youtube.com/watch?v=IzylDb5t3CI&list=PLFBCC346084FCCDE7&index=1


//www.youtube.com/watch?v=pzdsvj90zno


//www.youtube.com/watch?v=EafCwqT8MmY
  
Şahin Hacıyev,
Turan agentliyinin redaktoru

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol