Laçının işğalından 23 il ötür

08:27 | 18.05.2015
Laçının işğalından 23 il ötür

Laçının işğalından 23 il ötür

Mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür.

"Report" xəbər verir ki, işğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edilib, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəlib, 65 min laçınlı doğma yurd yerindən didərgin düşüb.

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri Qarabağın Dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün Yuxarı Qarabağı işğal etdi. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın Dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başladı.

Şuşa kimi Laçın da mühüm hərbi –strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düşmən mayın 13 –ü və 14 –də zirehli texnikalar, Mi -24 vertolyotlarının müşayiəti ilə Qayğı qəsəbəsi və Laçın şəhərini bombardman etdi.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni silahlı birləşmələri mayın 18-də rayonu işğal etdi. Laçının düşmən əlinə keçməsi müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını, Ermənistanın işğalçılıq niyyətlərinin daha böyük olduğunu göstərdi. Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr erməni təcavüzünün miqyasını daha da genişləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu.

Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 1835 kv. kilometr ərazi işğal olundu. 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil,142 səhiyyə ocağı dağıdıldı, talan edildi.

Bu gün laçınlılar respublikanın 58 şəhər və rayonunda məskunlaşıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM