Lavrov: Bakı ilə Tehran arasındakı gərginlik müvəqqətidir

15:57 | 29.03.2023
Rusiya ümid edir ki, İranla Azərbaycan arasında münasibətlərdəki gərginlik müvəqqəti xarakter daşıyır və tezliklə aradan qaldırılacaq. Bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Biz ümid edirik ki, Bakı və Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq”, - Rusiya diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması Rusiya, İran və Azərbaycanın iştirakı ilə, o cümlədən "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində mühüm layihələrin həyata keçirilməsi” kontekstində üçtərəfli əməkdaşlığın təşviqinə kömək edəcək.
 
"Biz mövcud problemlərin həllində dostlarımıza kömək etməyə hazırıq”, -  Lavrov çıxışında qeyd edib. 
 
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həyatını itirib, iki nəfər isə yaralanıb. 
 
Hadisəni törədən İran vətəndaşı Yasin Hüseynov saxlanılıb. Baş verən hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. Təbrizdəki Baş Konssulluq isə fəaliyyətini davam etdirmək barədə qərar qəbul olunub.
 
Prezident İlham Əliyev baş verən hadisəni terror adlandırıb və bildirib ki, İran bununla bağlı ciddi işlər görmür. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb