Ləman Hüseynli: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır” – MÜSAHİBƏ

13:05 | 04.02.2016
Ləman Hüseynli: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır” – MÜSAHİBƏ

Ləman Hüseynli: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır” – MÜSAHİBƏ

 
Rüstəm Qasımov

ANN.Az-ın rəssam, modelyer və interyer dizayneri Ləman Hüseynli ilə müsajibəsi 

"Dizaynerin özünü ciddi çərçivələrə salmaq ehtiyacı yoxdur...”

- Ləman xanım, bildiyim qədəriylə siz görkəmli Azərbaycan memarı Qasım-bəy Hacıbabəyovun nəticəsisiniz... 

- Bəli. Mənim ulu babam Qasım-bəy Hacıbabəyov (Bakı və Şamaxının baş memarı) 19-cu əsrdə yaşamış azərbaycanlı memardır, o, Bakının mərkəzinin formalaşmasına böyük rol oynayıb, memarlıq və şəhərsalma sahəsində dövlət və ictimai müəssisələrlə əməkdaşlıq edən ilk qafqazlı olub. Hacıbabəyov Dənizkənarı bulvarın ilkin layihəsinin, fəvvarələr meydanının, Nizami küçəsinin (Tarqovı), Nizami muzeyinin əsasını qoyub. Bizim nəslimizdə çox sayda yaradıcı insanlar olub, onlara misal kimi görkəmli memar Salam Məstanzadəni, yazıçı Əzizə Cəfərzadənin və başqalarının adını çəkə bilərəm. Ona görə də məni bir nəslin davamçısı adlandırmaq olar (gülür). 
 


- Yəqin, memarlıq və dizayna sizdə uşaqlıqdan həvəs olub. 

- Məncə, hə. Uşaqlar adətən əlinə qələm, karandaş keçəndə harasa meyvə, peyzaj, adam şəkli çəkirlər. Ancaq mən ev interyeri, mebel, kreslo, stul, servant şəkilləri çəkirdim. Valideynlərim mənim memarlığa həvəsimin olduğunu görəndə qorxmuşdular, onlar fikirləşmişdilər ki, mən bu kişisayağı işlə məşğul olacam, ona görə də düşündülər ki, ən yaxşısı modelyer olum. 

- Belə çıxır ki, siz özünüzü modelyer kimi də sınamısınız...

- Bəli. Mənim məşğuliyyətim fərdi sərgi keçirməyə qədər gedib çıxdı və bununçün nə az-nə çox 3 zal gərək olmuşdu. 9 yaşım vardı və mən rəsm işləriylə yanaşı, model paltarları da nümayiş etdirmişdim. 10 barbi kuklası üçün mən şəxsən özüm paltar tərzləri hazırlamışdım. Təkcə paltar tikməmişdim, həmçinin xüsusi çərçivələrdə bütöv kompazisiyalar yaratmışdım. Bundan sonra məni televiziyaya çağırmağa, müsahibələr götürməyə, haqqımda verilişlər, qəzetlərdə məqalələr yazmağa başlamışdılar. 12 yaşımda isə Azərbaycan moda festivalında iştirak etdim. Qafqazda ilk dəfəydi bu tərzdə festival keçirilirdi və məni yeganə uşaq-iştirakçı kimi dəvət etmişdilər. Təşkilatçılara təşəkkür düşür, onların sayəsində mən erkən yaşda dünyaca məşhur modelyerlərlə ünsiyyət qurmaq və öz gücümü sınamağa nail oldum. 
 


- Xaricdə təhsil sizə nə verdi, orada nə öyrənə bildiniz? 

- Mən İtaliyadan tamam başqa bir insan kimi qayıtdım. Bu qədər zəngin mədəniyyəti olan ölkədə memarlıq oxumaq həqiqətən misilsiz təcrübə oldu. Avropada Azərbaycandan fərqli olaraq əl sənətinə həssaslıqla yanaşılır, bu, orada çox qiymətləndirilir. Bizdə daha çox diqqət dizayn üzrə kompüter proqramlarına yönəldilir, Avropada isə ilk növbədə dizaynerin rəsm çəkmək, öz əlləriylə yapmaq, maket düzəltmək və digər bacarıqları əsas tutulur. Məsələn, biz İtaliyada kilsədə, məbəddə, evdə və digər memarlıq obyektlərində işləyirdik və bunu öz əllərimizlə edirdik. Bu təcrübə yaradıcı qabiliyyətlərin inkişafı üçün edilirdi, axı kompüteri istənilən vaxt əxz edə bilərsən, ancaq binanı necə təsvir etmək isə çox mürəkkəb prosesdir. 
 


- Siz bir çox şəhərlərdə olmusunuz, sizi Bakının xarici görünüşü qane edirmi? 

- Mən memar deyiləm, amma bunu deyəcəm: Bakı son vaxtlar getdikcə Dubaya bənzəməyə başlayıb. Və bu təkcə mənim sözüm deyil, bir çox insan bu iki şəhəri müqayisə edib eyni sözü deyir. Bu oxşarlıq göydələnlər, ultramüasir obyektlər və digər yeni tikililərdə özünü göstərir. Bizim şəhərimizin İstanbul, bəzi italyan və fransız şəhərləriylə, bulvar və bəzi tikililəri nəzərə alanda Vyanaya bənzədən oxşarlıqlar da var. Mən çox istərdim ki, Bakının özünün xarici görünüşü olsun və bu planda o digər şəhərlərdən seçilsin. Bakının hər zaman öz kaloriti olub və olacaq, bunu qorumaq lazımdır, ona görə də şəhərsalma və planlaşdırmada bu harmoniyanın və şəhər ruhunun qorunub saxlanılmasına çalışmalıyıq. Əgər nəsə yenidən qurulur, restavrasiya edilir və ya tikilirsə, ona mütləq hərtərəfli yanaşma olmalıdır, əcdadlarımızdan aldıqlarımızı qorumaq üçün mütləq memar və inşaatçılarla məsləhətləşmələr olmalıdır...

- Öz tərziniz barədə danışardız, Ləman Hüseynlinin dizaynı nəyiylə fərqlənir? 

- Əgər biz interyerdən danışırıqsa fərqlilik buradadır: birincisi rəngi hiss etmək. Eyni zamanda rəssam və dizayner olduğumdan mən rəng və çalar məsələsində həssasam, bu mənə işdə çox kömək edir, öz tərzimi ortaya qoymağa töhvə verir. Məndə heç vaxt artıq rənglər və çalarlar, mürəkkəb keçidlər olmur, ideal uyğunluq hökm sürür. İkincisi məsələ isə işıqdır. Ləman Hüseynlinin dizaynları hər zaman işığıyla, açıqlığı, böyük vizual genişliyi ilə seçilir. Ona görə də mən tutqun və sönük rənglərdən qaçıram. Üçüncüsü isə interyerdə "new” bəddi janrından istifadədir. 
 


- Azərbaycan cəmiyyəti bu yeniliyi necə qarşılayır?

- Birmənalı yox. Bir dəfə ev sahibəsinin özü "new” janrda şəkil gətirdi və onu yataq otağından asmaq istədi. Ancaq çoxları stereotiplərdən dolayı belə yenilikləri qəbul etmirlər. Onları qohumların, yaxınların münasibətinin necə olacağı narahat edir, evə gəlib çılpaq şəkilləri görsələr nə olacaq?! Belə hallarda mən izah edirəm ki, müraciət etdiyim çılpaq natura hər zaman öz xarizması, xarakteri və orijinallığı ilə fərqlənir və əsl sənət əsəri kimi könlü oxşayır.

Dördüncüsü, mən işlərimdə renessans dövrünün heykəllərinin fotolarından, məsələn, David heykəlinin fotosundan istifadə edirəm. Çoxları belə yenilikləri süngüylə qarşılayırlar, bütün İtaliya çılpaq Davidlərlə doludur (gülür). Ona görə də stereotipləri qırmaq məcburiyyətində qalıram. Beşincisi, mən öz interyerimdə daim boz deyil, ağ rəngli qapılardan istifadə edirəm, baxmayaraq ki, bizim əksər soydaşlarımızda ağ qapılar xəstəxanayla assosiasiya olnur. Fikrimcə, məhz belə qapılar evi daha işıqlı göstərir, vizual genişlik və masştab qazandırır. 

- Sizcə, nəyə görə Azərbaycan cəmiyyəti bu qədər konservativdir, götürək elə dizayn məsələsini? Nəyə görə bizim insanlarımız daha çox ənənəvi rəng qammalarına üstünlük verirlər, niyə görə ekspressiv, qeyri-adi, yaradıcı yeniliyə meylli deyillər? 

- Məsələn, mənzilin dizaynı məsələsinə gələndə, bu, bizim cəmiyyətimizin ən ciddi problemlərindən biridir. Bizim insan sınamağı xoşlamır. Rəng məsələsində əksəriyyət ənənəvi rənglərə müraciət edir. Əgər bir insanın bir neçə mənzili olduğu təqdirdə, birində riskə gedə və daha fərqli bir şeyi seçə bilər. Cəmi bir evi olanlar isə nəyisə eksperiment etməkdən dərhal qaçırlar, çünki nəyisə korlamaqdan qorxurlar (gülür). 
 


- Mənzili qurarkən hansı dizayn elementindən yararlanmağı üstün tutursunuz? 

- Mənim orijinal əl yapmasından, müxtəlif bəzəkli-düzəkli, gözəl çərçivəli güzgülərdən istifadə etmək çox xoşuma gəlir. Ancaq fikirləşirəm ki, əgər insan vasitələrdən məhrumdursa, onda ağ divar kağızı və laminatla da keçinmək olar, ancaq aksessuarlarla xüsusiyyətlər vermək vacibdir. Belə mənzil sifarişçidə əla təəssürat yaradacaq və ciddi qənaət etməyə imkan verəcək. 

- Mənzilin dizaynı barəsinə sifarişçiniz məlumatsızdırsa, ona tez-tez məsləhətlər verirsinizmi?

- Əvvəlcə ondan başlayım ki, dizayner yaxşı psixoloq olmalıdır. Sifarişçiyə məsləhət verməzdən əvvəl mən onun fəaliyyət sahəsini və şəxsi xarakterini öyrənirəm. Əgər sifarişçi kimi müraciət edən ailədirsə, onda mən onun hər bir üzvüylə məsləhətləşirəm, çünki ev hamı üçün komfortlu və rahat olmalıdır. Necə deyərlər, çox insan, çox ideya. Təmir – çətin prosesdir, xüsusilə insanlar hələ ümumi bir fikrə gələ bilmirlərsə. Bəzən belə fikir ayrılığı ciddi skandalla da nəticələnə bilər. Mənzilin dizaynı insanın hansı fəaliyyət növündə təmsil olunmasından çox asılıdır. Evdar qadının interner dizaynı istəyi ofis işçisinin istəyindən tamam fərqli olur. 

Özləri nə istədiklərini bilməyən müştərilərə məsləhət vermək xüsusilə çətindir, onda dizayner saysız-hesabsız variant təklif etməli, müştəri də heç biriylə razılaşmaya bilər. Belə müştəriləri yola gətirmək demək olar ki, mümkünsüzdür. Bəzən müştərinin iş prosesində fikrini bir neçə dəyişdiyi hallar olur. 
 


- Müştəri sizin işinizə qarışmasına necə reaksiya verirsiniz? 

- Onu deyim ki, 90% hallarda dizaynerin işinə qarışırlar. Yaxşı imkanlı, daim iş-güclə yüklənmiş insanlar demək olar ki, hər zaman dizaynerə etibar edirlər. Çoxlu boş vaxtı və çoxlu ideyaları olan müştərilərsə dizaynerin işinə müdaxilələr etməyi öz borcu hesab edirlər (gülür). Axı bu gün internet və televiziyanın sayəsində onlar eksteryer və interyer məsələsində məlumatlara yiyələnirlər. Bəzən müştərinin təklifi dizaynerin fikriylə tamamilə tərs-mütanasib ola bilər, bu da hazırlanmış modelin kardinal dəyişilməsiylə nəticələnə bilər. Belə olan halda mən çıxış yolu kimi alternativ yollar axtarmalı oluram. 

- Bu gün azərbaycanlı sifarişçi daha çox hansı tərzləri daha çox üstün tutur və siz hansı tərz üzrə işləyirsiniz? 

- Yüngül klassika – minimalizm və ənənəvi klassika arasında körpü, aksessuarlardan, bəzəklərdən, heykəllərdən bol istifadə olunmasıyla fərqlənir, bu da onun dəyərini hədsiz bahalı edir. Bizim insanlarımız klassikadan çətinliklə imtina edirlər, ancaq zaman keçdikcə yuxarıda dediyim sintezə müraciət edirlər. Məsələn, mən əvvəl minimalizməi sevərdim, ancaq indi daha çox klassikaya üstünlük verirəm. Ola bilsin, illər keçdikcə və təcrübəylə dizayner minimalizmlə kifayətlənmək istəmir və özünün daxili dünyasını, fantaziya və biliyini nümayiş etdirmək istəyir. Deyim ki, heç də müştərilərin hamısı sənə öz ideyalarını tam həyata keçirməyə imkan verməz. Ancaq mənim fərqim odur ki, mən müştərinin istəyindən asılı olaraq, müxtəlif tərzlərdə işləyə bilirəm. Əgər müştəri porvans istəyirsə, xoş gəlib, Afrika tərzi – problem yoxdur, şərq üslubu – məmnuniyyətlə (gülür). 
 


- Öz işinizdə nə qədər tez-tez milli motivlərə müraciət edirsiniz? 

- Milli tematika mənim ən sevimli istiqamətlərimdən biridir. Hər şey əsas elementi buta olan stüardessa formalarından başladı. Təəssüf ki, interyerlərdə milli ornamentlərdən istifadə heç də hər zaman mümkün deyil, çünki 100 sifarişçidən yalnız ikisi milli ornamentlərdən istifadə istəyir. Çox güman bizim insanlar fərqlilik istəyirlər, ona görə də mənzillərinin daha çox Avropa və ya Amerikan üslubunda olmasını istəyirlər. 

Mən hətta araqçın istehsalıyla da məşğul oluram. Fikrimcə, buta ilə birlikdə araqçın da mənim vizit kartıma çevrilir. Bundan başqa, mən dizayner çantaları və milli elementlərlə müşayiət olunan Ləman Hüseynli klatçilərinin buraxılışı ilə məşğul oluram. Müasir və milli üslubları qarışdırmağı sevirəm. Belə ən dəbli insanların da zövqünə və tələbəatına uyğun gələn sadə orijinal məhsul əmələ gəlir. Qədimliklə müasirliyin, milliylə xaricinin qarışığı maraq doğurur. Qeyd edim ki, mən təkcə sadaladıqlarımın hazırlanmasıyla məşğul olmuram, həm də onları öz qarderobuma daxil edirəm. 
 


- Bir çox insanlar Bakıda insanların qara rəngdə paltar geyinməsindən gileylənir. Sizcə, bu nəylə bağlıdır? 


- Bir tərəfdən Bakı küləklər şəhəridir, külək də qum və toz gətirir. Ona görə də bizdə ağ cins və ya paltoda gəzmək sərfəli deyil (gülür). Digər tərəfdənsə bu, insanların psixologiyasıyla bağlıdır. Bizim insanlar ilin istənilən fəslində rəngarəng geyinən avropalılardan fərqli olaraq, daha streslidirlər. Üçüncüsü, bu kompleks məsələsidir. Azərbaycanlılar fikirləşir ki, qara paltarda onlar daha ciddi görünürlər, ona görə də toya da qara geyinirlər. Cəmiyyət nə fikirləşər deyə narahatlıq fərdin fikrinə təsir edir. 

- Ləman xanım, paltar məsələsində zövqü az inkişaf etmiş insanları necə inkişaf etdirmək olar, rəng, aksessuar və digərlərini seçim məsələsini nəzərdə tuturam. 

- Vacib olan ətrafdakıların fikrinə adekvat reaksiya verməkdir. Tənqidi bizim insanlar çox kəskin, tez-tezsə süngüylə qarşılayırlar. Sənə bir şeyin yaraşıb-yaraşmadığını bilmək üçün özünə kənardan baxmağı bacarmalısan. Təkcə özün barədə yox, ətrafdakıları da düşünmək lazımdır ki, düzgün təəssürat yarada biləsən. Belə zövqsüzlük səni başqasının yanında pis göstərə bilər! Ona görə də mütləq başqalarının fikirlərini öyrənmək lazımdır. Etika və estetikanı unutmaq olmaz. 

Bugün elm və texnika o qədər inkişaf edib ki, siz internet vasitəsilə özünüzə obraz yarada, imic və tərz formalaşdıra bilərsiniz. Bunu etmək üçün sadəcə istək lazımdır. Bundan başqa, həmişə mütəxəssisin fikrinə müraciət etmək olar. 
 


- Bizim oxucular sizin yaradıcılığınızla harda tanış ola bilərlər? 

- Mənim "Facebook” və "İnstagram”dakı səhifələrimdən. 

- Və sonda, Sizcə, dizayner üçün ən əhəmiyyətli bacarıq hansıdır. 

- Öz əlləriylə yaratmaq bacarığı. Dizayner rəsm çəkməyi, yapmağı, toxumağı, birləşdirməyi və rəngləməyi bacarmalıdır... Yalnız bundan sonra usta özünü dizayner adlandıra bilər. 

- Gələcəyə dair planlarınız? 

- Üçüncü təhsil almaq (gülür). 

- Ləman xanım, maraqlı söhbətə görə təşəkkür edirik. Sizə yaradıcı uğurlar və niyyətlərinin gerçəkləşməsini arzulayırıq. 

- Təşəkkür!
 







 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM