Leyla Əliyeva fotosərgi açılışında - Foto

02:06 | 20.12.2017
Leyla Əliyeva fotosərgi açılışında - Foto

Leyla Əliyeva fotosərgi açılışında - Foto

Dünyanın ən böyük macəra və ekstremal idman fotosərgisi "Red Bull Illume” beynəlxalq turne çərçivəsində ilk dəfə Bakı şəhərində təqdim olunur.
"Qafqazinfo” "AzərTac”a istinadən xəbər verir ki, dekabrın 19-da Heydər Əliyev Mərkəzinin parkında "Red Bull Illume” fotosərgisinin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov bildirib ki, bu gözəl parkda indiyədək bir sıra beynəlxalq tədbirlər keçirilib:

"Bu tədbirlərin sırasında "Səməni”, "Küknar” sərgiləri və "Çərpələng” beynəlxalq festivalını xüsusi qeyd etmək olar. Bu gün açılan "Red Bull Illume” sərgisi dünyada maraqla qarşılanır və Çikaqodan, Torontodan, Zalsburqdan sonra Azərbaycanın paytaxtında keçirilir. Bakıdan sonra isə bu sərgi Tokioda təşkil olunacaq”.
 

Tədbirdə iştirak edən "Red Bull Illume” layihəsinin rəhbəri Ulriş Qril deyib ki, bu gün Bakıda 55 ən yaxşı macəra və idmana aid fotoşəklin təqdim olunması böyük şərəfdir.

Heydər Əliyev Mərkəzinin parkında bir aya yaxın müddətdə fəaliyyət göstərəcək bu sərginin böyük uğur qazanacağına inandığını bildirən Ulriş Qril qeyd etdi ki, bu, "Red Bull Illume”nin Azərbaycanda ilk dayanacağıdır. O, Bakı turunun unudulmaz bir sərgi kimi yaddaşlara həkk olunacağına əminliyini ifadə edib.
Sərgidə işıqlandırma mövzusuna uyğun olaraq "Image Quest 2016”nın finalçı 55 fotoşəkli işıq qutuları üzərində nümayiş olunur.

Fotomüsabiqədə, həmçinin bu ilin noyabrında Azərbaycanda keçirilən milli mobil müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil yer alıb.

Müsabiqənin birinci yerinin sahibi Fərman Lazımova, finalçılar Emin Əlizadəyə və Leyla Fətəliyevaya hədiyyələr təqdim olunub.

Sərgi 2018-ci il yanvarın 15-dək paytaxt sakinləri və qonaqlar üçün açıq olacaq. Girişin hər kəsə sərbəst olduğu sərgi çərçivəsində həftəsonları əlavə əyləncəli proqramlar da təşkil ediləcək.
 


Xatırladaq ki, "Red Bull Illume” macəra və idman növlərinə həsr edilən ən böyük beynəlxalq fotomüsabiqədir. Ən yaradıcı və həyəcanverici fotoşəkilləri nadir incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin məqsədi idman və macəranı təşviq etməkdir. 2016-cı ildə isə müsabiqəyə yeni "Mobil” kateqoriya əlavə olunub.

"Red Bull Illume Image Quest 2016”ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda - 34624 fotoşəkli təqdim edilib. "Red Bull Illume” qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçını, 11 kateqoriya üzrə qalibi və 1 ümumi qalibi müəyyən edib. Müsabiqədə alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində "BMX” velosipedi sürdüyü zaman çəkdiyi şəkillə ikinci dəfə qalib olub.

Sərginin açılış mərasimi Əməkdar Artist Tünzalə Ağayevanın və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti