"Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər"

22:19 | 10.12.2015

"Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər"

Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibdə görüşündə deyib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək: 

"Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. 

Sizin başsağlığınız dost sözləridir. Buna görə Sizə təşəkkür edirəm. Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, Siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.

Qeyd etdiyiniz kimi, keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğuladı. Dövlətimizin başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırdı.

Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yaxın əlaqələrin olduğunu, bunun da ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə kömək etdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlətimizin başçısı Sian şəhərinə səfərini xatırladı, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirdi, ölkəmizin də "Vahid Çin” prinsipinə dəstək verdiyini dedi.

İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini dedi. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğuladı. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırdı.

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti