APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubovla görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
"Biz ölkənizə, rəhbərliyinə çox etibar edirik və bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq. Bizim üçün qapalı mövzu yoxdur”, - deyə o vurğulayıb.
A. Lukaşenko qeyd edib ki, Belarusla Azərbaycan yaranan bütün problemləri həmişə uğurla həll ediblər: "Bütün çətinliklərə baxmayaraq, ötən il ticarət dövriyyəmiz artıb. Azərbaycanla ticarət bizim üçün çox sərfəlidir”.
Azərbaycanda istehsal sahələrini yaratmağa və Azərbaycan investisiyalarını Belarusda qəbul etməyə hazır olduqlarını deyən A. Lukaşenko Azərbaycanda Belarus traktorlarının, yük avtomobillərinin və liftlərin istehsalı üzrə birgə müəssisələrin fəaliyyət göstərdiyini xatırladıb. Belarus prezidenti bildirib ki, növbəti mərhələdə birgə məhsulun üçüncü ölkələrə, Qafqaz regionuna çıxarılması məsələsi dayanır.
A. Lukaşenko həmçinin Azərbaycan tərəfinə göstərilən dəstəyə görə təşəkkür edib: "Siz həmişə bizi dəstəkləmisiniz. Biz azərbaycanlı qardaşlarımıza eyni münasibət sərgiləyəcəyik”.
Öz növbəsində Y. Eyyubov Belarusu hamını özünə cəlb edən ölkə kimi xarakterizə edib. "Əgər siz digər təbii resurslara malik olsaydınız, fikrimcə, Belarus dünyada birinci ölkə olardı”, - deyə o vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !