Ölüm ibadət ola bilərmi? - KÖŞƏ

16:49 | 25.08.2015
Ölüm ibadət ola bilərmi? - KÖŞƏ

Ölüm ibadət ola bilərmi? - KÖŞƏ

Orxan Aslanlı 

Doğulduğumuz kimi, bir gün də öləcəyik. Ölüm barəsində isə o qədər fikir deyilib, o qədər iddialar irəli sürülüb ki... Bəziləri ölümə dini aspektdən yanaşır, ona haqq olan bir hadisə kimi baxır, bəziləri isə bioloji hadisə kimi qəbul edir, insanların yaşlanmasını və ölməsini hüceyrələrin inkişafı, artımı və məhv olması ilə əlaqələndirirlər. 

İntihar da nəticə etibarilə ölüm olsa da, əksər dinlər bunu qəbul etmir, günah sayır. Səbəb hər nə olursa olsun, şəxsin Allahdan, yaxud ilahi varlıqdan gələn ölümlə dünyadan köç etməsi daha düzgün hesab olunur. Hindistanda Hindu dini sayılan "Caynizm”də ölümü haqqdan gələn həqiqət kimi qəbul etsə də, "ölüm orucu” deyilən ayini icra edirlər. Elə intihara bərabər olan bu dini ayinin əsas fəlsəfəsi insanı ölümə hazırlamaq, ondan qorxmamaqdır. Bu orucun tutulmasının əsas şərtlərindən biri daha yaşlı, xəstə insanların bu ayinə əməl etməsidir. Guya bununla insan öz ölümünü rahatlaşdıra bilir. Qeyd edək ki, dünyada buna bənzər digər hər hansı dini ayin yoxdur. Bu dini ayin haqqında əlavə məlumat toplayarkən bir çox suallar ortaya çıxdı və bu mövzuya toxunmaq istədim.  

Əgər bir insan ölüm yolunu tutursa, niyə məhz bunu ac-susuz qalaraq həyata keçirir? Ölmək insanın öz istəyi ilə olmalıdırmı? Bəlkə bir az sonra ölmək də moda minəcək? Misal olaraq: Görəsən sən neçə saatdan sonra öləcəksən, o neçə saatdan sonra öləcək? Yəqin, elmi-texniki tərəqqinin, inkişafın fonunda insanların bir-birinə verdiyi suallara bunlar da daxil ediləcək. Əgər bu dünyada ölüm orucu tutulursa, buna ehtiyac görürlərsə, o zaman yaşananlara hansı adı qoymaq lazımdır? Onsuz da vaxtı gələndə hər kəs, amma hər kəs bu dünyadan köçüb gedəcək. Yaşamağı bu qədər ucuzlaşdıranlar bəlkə də çətin, dar vəziyyətdə olan, problemlərin altından qalxmayanlara intihar etməyi əlac kimi göstərirlər? O qədər belə insanlar var ki, adi kredit borcuna görə özlərini öldürmək istəyir və ya buna cəhd edirlər. Məncə, o insanların ən böyük günahı intihar etmələrində deyil, özlərini öldürməklə probleminin həll olunacağı düşüncələrindədir.  

İslam dinində buyurulub ki, müqəddəs Ramazan ayında hər bir müsəlman oruc tutmağa borcludur. Amma müsəlmanların tutduğu orucla Caynizmdəki ölüm orucu arasında fərq çox-çoxdur. İslamda oruc tutmağın fəlsəfəsi insanın iradəsinin güclənməsinə, günah gətirən hərəkətlərdən çəkindirməsinə xidmət edir. Yəni sadəcə ac qalmaq oruc tutmaq üçün yetərli deyil, qeybət etməmək, pisliklərdən çəkinmək, şəhvani hissləri idarə edə bilmək və s. insanlar həmin ayda ilin qalan hissələri ilə müqayisədə daa az günah edirlər. Əslində insan günahı az etdirsə, bədəni bir o qədər möhkəm olur, orqanizmi gümrah görsənir.

Caynizmdə ölüm orucu nə sağlamlığa, nə də günah qazanmamağa xidmət edir, əksinə bu ibadətin kökü birbaşa ölümə bağlanır. Caynizmdəki oruc zamanı da insanlar qidadan imtina edirlər, amma islamdakı, yaxud yəhudilərdəki orucdan fərqli olaraq mömün hər şeydən özünü məhrum edir -  nə yemək yeyir, nə su içir. Hər şeydən imtina edərək yalnız bir gözləntiləri olur – ölüm nə vaxt gələcək. 

Hindistanda artıq bu dini ayinə qarşı hüquq mühafizə orqanları da tədbirlər görməyə başlayıblar. Polis orqanlarına tapşırıqlar verilib ki, bu adətlə məşğul olanlar ciddi şəkildə cəzalandırılsınlar. Hətta bu ayinələ məşğul olanlar, bu ayini yayanlar, təbliğ edənlər məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilə də bilərlər. Sözsüz, hüquq-mühafizə orqanlarının bu müdaxiləsi çaynizm tərəfdarlarını çox narahat edir və bunu pisləyirlər. Onlar bildirirlər ki, bu nə inhitar, nə də zorla olan ölüm deyil. İnsan bilir ki, o, bir gün öləcək. Amma bu orucu tutaraq ölmək onun ruhunu daha yüksəklərə qaldıracaq. 

Hesablamalara görə cayna orucuna görə hər il 300-ə yaxın insan ölür və bu ölümü onlar öz aralarında qeyd edirlər.

İnsanın qanını donduracaq bir adətin ağırlığına baxmayaraq ona əməl edənlər, ona maraq göstərənlər xeyli çoxdur. 

Ölümün haqq olduğu fikrini əksəriyyətimiz qəbul eləmişik. Amma bu o demək deyil ki, əgər bir insanın 80 yaşı varsa, o, mütləq ölməlidir. Əsla yox. Əksinə yaşlılara həmişə dəstək, dayaq olmaz lazımdır. Ölüm hər kəs üçün var. İskəndər kimi ölümsüzlüyün ardınca qaçan çox insan ola bilər, amma bu dünyaya gəldiyimiz kimi bir gün getməyimiz də var. Sadəcə, bunu tezləşdirməyin mənası nədir ki?


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti