Maliyyə naziri: "Dövlət büdcəsi təşkilatlarının xarici ezamiyyətləri azalacaq"

23:10 | 12.03.2020
"Ümumi vəziyyəti nəzərə alaraq, xərclərin prioritetliyinə, məqsədəuyğunluğuna baxa bilərik. Sözsüz ki, gediş-gəlişlərin azalması şəraitində çox güman ki, dövlət büdcəsi təşkilatlarının xarici ezamiyyətləri azalacaq”.

Bu sözləri AzTV-nin "Hədəf" verilişində Maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu təbiidir və qənaətin bir formasıdır: "Bununla yanaşı müəyyən tədbirlər, həm ictimai, həm də idman tədbirlərinin məhdudlaşdırılması gözlənilir. Nəticədə müəyyən qənaət olacaq. Qənaətimiz şübhəsiz ki, digər sahələrin dəstəklənməsinə yönələcək. Dövlətin qərarı ilə səhiyyə sahəsinə xüsusi maliyyə vəsaiti ayrılıb. Bu sahəyə lazım gələrsə, müvafiq vəsaitlər əlavə ediləcək. Görülən tədbirlərlə yanaşı ümidvaram ki, koronavirus xəstəliyi yaxın günlərdə adi qriplər sırasına daxil olacaq, onun dərmanı tapılacaq”

Qeyd edək ki, koronavirus epidemiyasının neftin qiymətinə mənfi təsirləri qlobal böhran şəraiti yaradıb. Azərbaycan hökuməti də böhranın iqtisadiyyatımıza mənfi təsirlərini önləmək üçün tədbirlər həyata keçirir.


www.anews.az