Manat ucuzlaşdı - Ev alanların sayı kəskin artdı

17:37 | 23.02.2015
Manat ucuzlaşdı - Ev alanların sayı kəskin artdı

Manat ucuzlaşdı - Ev alanların sayı kəskin artdı

Manatın kəskin ucuzlaşması daşınmaz əmlak bazarında da öz güclü təsirini göstərməyə başlayıb.
 
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, mənzil satışı ilə məşğul olan şəxslərə və daşınmaz əmlak üzrə ekspertlərə istinadən məlumatına görə, mənzillərin manatla qiymətləri orta hesabla 25% artıb. Əməkdaşlarımızın söhbət etdiyi maklerlər bildiriblər ki, ev, mənzil almaq istəyənlər qəfildən çoxalıb, lakin satanlar qiymətləri dollara çeviriblər və nəticədə 20-30%-lik bahalaşma əmələ gəlib.
 
Manatla satılan evlər eyni məbləğdə dollara təklif edilir

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı bildirdi ki, son vaxtlar bu sahədə ucuzlaşma var idi, amma baş verən proseslərdən sonra bazarda vəziyyət dəyişib: "Manatın məzənnəsinin kəskin enməsi, eləcə də daşınmaz əmlakla bağlı yeni verigilərin qoyulması vəziyyəti dəyişib. Hazırda, bazarda qiymət artımı müşahidə olunur”.

R.Osmanlının fikrincə, mənzil və torpaq sahələrinə tələbin azalması fonunda əslində qiymətlərdə azalma olmalı idi: "Amma nəzərdən qaçırmayaq ki, vergi öhdəliklərinin satış qiymətinə əlavə olunacağı halda artma ehtimalı da yaranır. Artıq manatla təklifə çıxarılmış mənzillərdə qiymətlər dollara dəyişdirilib, həm də bir qədər də artırılmış şəkildə. Bu isə faktiki olaraq  25-30%-lik bahalaşma deməkdir”.

Ev alanların sayı kəskin artıb

Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov bildirib ki, manatın məzənnəsinin kəskin düşməsi ilə bağlı ev və mənzillər 25-30% bahalaşıb. Mütəxəssis deyir ki, manatın məzənnəsinin daha da düşəcəyini güman edən alcılar kütləvi şəkildə ev, mənzil almağa başlayıblar ki, bu da bazarda tələbatı kəskin artırıb və nəticədə qiymətlərin xeyli bahalaşmasına gətirib çıxarıb.
"İndiyədək qiymətlərdə azalma müşahidə olunurdu, çoxları gözləyirdi ki, bir az da ucuzlaşsın, sonra mənzil alsın. Lakin yaranmış məlum vəziyyət onların əllərində olan pulu hamısını daşınmaz əmlaka, xüsusən də mənzil alışına yönəltmələrinə səbəb olub”- ekspert bildirdi.

Mütəxəssislə söhbətdən məlum oldu ki, mənzil bazarında tələb təklifi xeyli ustələyib: "Satışda olan yeni və köhnə mənzillər sürətlə alınır. Əvvəldən beh verənlər manat ucuzlaşan kimi gəlib pulun qalanını da ödəyib mənzilləri alırlar”.

Ekspert yeni tikililərdə də ciddi bahalaşmanın olduğunu dedi: "Hazırda "novostroyka”larda qiymətlər 20-30% arasında bahalaşıb. Əgər vəziyyətə müdaxilə edilməsə, bahalaşma prosesi dayanmayacaq”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM